Sanitar-gigiyena qaydalarını pozan şəxs 600 manat cərimə olunub - FOTO

13:20 27-08-2020 320

Sanitar-gigiyena qaydalarını pozan şəxs cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirir. 

Avqustun 25-də təşkil edilən növbəti reyd zamanı paytaxtın Suraxanı rayonu Kərpic Zavodu ərazisində bərk tullantıların “Kamaz” markalı yük avtomobili ilə boşaldılması faktı aşkar olunub.

Bakı şəhər sakini N.Yaqubov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunaraq ona 600 manat məbləğində inzibati cərimə tətbiq edilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.