İnsanlar niyə itkin düşür? - VİDEO

03:00 28-08-2020 374

Sosial şəbəkələrdə, televiziyada, ətraf aləmdə tez-tez evindən çıxaraq itkin düşən və uzun müddət bir daha geri qayıtmayan insanlar haqqında məlumatlar eşidirik.

Dövlət statistika komitəsinin verdiyi məlumata görə, təkcə ötən il 904 nəfər itkin düşüb və onlardan 756-sı hüquq-mühafizə orqanlarının köməyi ilə tapılıb. Bəs görəsən insanları öz doğma evlərini tərk etməyə vadar edən nədir?

Bu sualın cavabı bizə çox maraqlı gəldiyi üçün məsələni araşdırmağa çalışdıq. Baş polis idarəsinin sözçüsü Elşad Hacıyevin Baku.tv-yə verdiyi məlumata görə, insanların evlərindən çıxıb getmə səbəbləri araşdırılarkən məlum olur ki, böyük əksəriyyət ailə-məişət zəmnində problemlərə tab gətirə bilmədikləri üçün bu əmələ əl atırlar:

"Bu insanların itkin düşmə səbəbləri müxtəlifdir. Kimsə ailədə yaranan narazılığı demədən evi tərk edir və məlumat vermədən ölkə xaricinə çıxır. Xəbərsiz ikin düşmələrlə bağlı ümumi vəziyyət stabildir. Yalnız müraciətlər bəzən gec verilir. İnsanlar gözləyirlər iki-üç gün keçsin. Belə halda polis dərhal məlumatlandırılmalıdır".

Mövzunun psixoloji tərəfini araşdırdıq.  Məsələnin kökünün nədən başladığını çözməyə çalışdıq. Psixoloq Arzu Müzəffərin sözlərinə görə, problemin bünövrəsində insanın uşaqlıqda yaşadıqları dayanır. Əsas problem valideynin övladına qarşı düzgün davranış nümayiş etdirə bilməməsidir. Valideyn ya uşağına hədsiz sevgi göstərir, ya da onu bu hissdən tamamilə məhrum edir.

Problemlər həmişə var və onların həlli yollarını axtarmaq lazımdır. Ailə üzvlərini tərk etmək çıxış yolu deyil. Belə məqamda psixoloji əziyyət çəkən insana qarşı ailə üzvləri həssaslıqla yanaşmalıdır.