Mərdəkan-Zuğulba yolundakı piyada körpüsü yaxın günlərdə istifadəyə veriləcək - FOTO

12:00 28-08-2020 338

Mərdəkan-Zuğulba yolunda olan piyada keçidi yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri aparılır:

“Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Mərdəkan-Zuğulba yolunda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçiriblər, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisinə başlayıblar.

Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, əlillərin, uşaq arabalarının tam rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb. Keçid üç dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi quraşdırılıb. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar da inşa edilib”.