Dünyanın ən qeyri-adi həbsxana-hoteli - VİDEO

01:20 29-08-2020 383

Latviyada yerləşən Karosta həbsxana-hoteli dünyanın ən qeyri-adi mehmanxanalarından biri sayılır. 

Əvvəllər yer üzündə cəhənnəm kimi təsvir edilmiş bu həbsxanada bir gecə keçirtmək tam bir cəsarət tələb edir. Hotelin qonaqları sənəd imzalayıb bütün gecə boyu mehmanxana işçilərinin onlarla dustaq kimi davranmalarına razılıq verməlidirlər. 

XX əsrdə tikilmiş həbsxanada bir vaxtlar çar, nasist daha sonra isə sovet rejiminin qurbanları saxlanılıb. Hazırda bina muzey, ekstrim, həyəcan sevənlər üçün hotel kimi fəaliyyət göstərir. Bir gecə üçün cəmi 16 dollar ödəməklə, qonaqlar kommunist dövrünün dustaqlarının yaşadıqlarını yaşaya bilərlər. 

Qeyri-adi hoteldə qalmağa razılaşanlar yerdə salınmış matraslarda yatmalı, həbsxana yeməyi ilə qidalanmalı, həmçinin həbsxana işçilərinin təhqirlərini dinləməli, onların əməllərinə itaət etməli olurlar.

Həbsxana-hotelin qaydalarını pozan şəxslər, həbsxananı təmizləmə cəzasına məruz qalırlar. Bundan əlavə, gecənin yarısı həbsxana işçiləri “dustaqları” oyada da bilər. Keçmiş dustaqlar və hotelin qonaqları arasındakı yeganə fərq odur ki, bu işgəncələrə dözməyən qonaq buranı istənilən vaxt tərk edə bilər.

Karosta haqqında rəvayətlər də gəzir, deyilənə görə həbsxanada ruhlar da mövcuddur, gecələr qapılar öz-özünə çırpılır, dəhlizlərdən gözəgörünməyən zəncir səsləri gəlir.

Hotelin qonaqları əsasən turist və tələbələrdir, bu işgəncələrə dözmək istəməyən, lakin həbsxananı görmək istəyənlər günorta vaxtı buranı muzey kimi ziyarət edə bilər.