ABŞ-da ilk dəfə koronavirusa təkrar yoluxma qeydə alınıb

21:00 29-08-2020 434

Nevada ştatının Rino şəhərində yaşayan 25 yaşlı kişi ABŞ-da koronavirusa təkrar yoluxmuş ilk ölkə vətəndaşı olub.

“Meduza” agentliyi xəbər verir ki, bu barədə Nevada ştatının alimləri tərəfindən hazırlanan məqalədə məlumat verilir.

18 aprel tarixində adı mətbuata açıqlanmayan şəxsə koronavirus infeksiyası diaqnozu qoyulub, lakin 27 aprelə qədər simptomlar itib.

Doqquz və 25 may tarixlərində aparılan iki testin nəticələri də mənfi çıxıb.

Ancaq 28 may tarixində xəstə yenidən COVID-19-a yoluxub.

Koronavirusa yoluxma nəticəsində, onda daha ağır xəstəlik inkişaf edib. Virusun genomunun ardıcıllığı ikinci infeksiyanın birincidən fərqli olduğunu göstərib.

Bu, dünyada koronavirusa təkrar yoluxma üzrə dördüncü haldır.