Vətən bağının nəcib gülü övladlarını çağırır - FOTOREPORTAJ +VİDEO

19:40 29-04-2021 418

30 illik həsrət sona çatıb. Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən Qarabağ bölgəsinə növbəti səfərimiz başlayır. 

Qarabağ bölgəsinə artıq bir neçə dəfə səfər etsəm də, hər dəfəsində fərqli hisslər keçirirəm. 

Media nümayəndələrinin Qarabağ bölgəsinə səfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə baş tutub. Nazirlik tərəfindən səfər ediləcək rayonlarla bağlı bukletlər hazırlanıb. Orada rayonların ərazisi, meşə sahəsi, filiz yataqları və digər faydalı məlumatlar verilib. 

Bu dəfə yolumuz Füzuli, Xocavənd istiqamətinədir. Artıq burada yazın isti nəfəsini hiss etmək olur.

Səfərimizin əsas məqsədi ermənilərin işğalı zamanı Füzuli rayonunda məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə baxış keçirməkdir. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Azərbaycan florasında ümumilikdə beş minədək ali bitki növünə rast gəlinib:

“Bunlardan 2200-ü (42 faizi) Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir. İşğal dövrünədək Füzuli rayonunun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi ki, bunun da 108 hektarı meşə ilə örtülü idi. Peyk təsvirlərinə əsasən, işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd Şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib”.

İlk dayandığımız məkan Füzulidə mənfur düşmənin məhv etdiyi Şərq çinarların olduğu məkandır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev jurnalistlərə açıqlamasında bildirib ki, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarının ərazisində bütün təbiət abidələri kəsilərək məhv edilib:

“Bu rayonlar ərazisində 138 ədəd təbiət abidəsi olub ki, onlardan 127-si düşmən tərəfindən məhv edilib. Onların 117-si Şərq çinarıdır”.

Bu təbiət əraziləri Azərbaycan SSR-i Nazirlər Sovetinin 1982-ci il tarixli qərarı ilə xüsusi qorunma statusu qazanılıb və qorunan abidələr siyahısına daxil edilib. 

Düşmən yaşıllıqları məhv etməklə yanaşı, rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edib.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşovun sözlərinə görə, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı yatağı - 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yatağı mövcud olub:

“İşğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları yatağı qeydə alınıb”.

KİV nümayəndələri daha sonra Azıx mağarasına da səfər edib. Mağaradan geniş reportajı oxuya bilərsiniz. 

Daha sonra Füzuli rayonunda yerləşən “Köndələnçay-1” su anbarına ümumilikdə 1 500 balıq körpəsi buraxılıb.

Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib ki, balıqlardan 1000-i çəki, 500-ü isə ağamur balıq körpələridir:

“Buraxılan balıq körpələri məhz bu su hövzələr üçün xarakterikdir. Məqsədimiz təbii populyasiyanın artırılmasına dəstək verməkdir. Uzun müddətdir ki, bu ərazilərin ermənilər tərəfindən istismar olunması balıq populyasiyasının nəsilinin kəsilməsinə gətirib çıxarıb. Bu kimi tədbirlərin keçirilməsi balıqların artırılması məqsədini daşıyır”. 

Səfər zamanı Füzuli rayonunun Qaraməmmədli kəndində bir hektar ərazidə 600-dən çox müxtəlif cinsli ağac əkilib.

Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər etdikdə isə tamam fərqli mənzərə ilə qarşılaşdıq. Düşmən başqa rayonlarda Şərq çinarlarını məhv etsə də, Hadrutda təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarı durur.

Xocavənddə diametri 450 santimetr, hündürlüyü 40 metr olan bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır.

ETSN-nin sektor müdiri Mehman Nəbiyev qeyd edib ki, Hadrutda olan üç Şərq çinarı turistləri cəlb etmək üçün qorunub saxlanılıb:

“Bu onu deməyə əsas verir ki, ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta yaşı 1400-dən artıq, 2000 ilə yaxın olan təbiət abidələrini məhv ediblər”.

Qarabağ bölgəsində Xarı bülbülə də rast gədik. Vətənimizi al-əlvan kimi təsəvvür etsək orada çatmayan Qarabağdakı Xarı bülbül idi. İndi həm Qarabağımız al-əlvandı, Xarı bülbülmüzü görə bilir... 

Azadlığın mübarək, Qarabağ.

İhamə Əbülfət

FOTO: Ramil Yunus