RBK ictimai fəallardan azərbaycanlının qətli ilə bağlı rəy aldı: “İstintaq qərəzlidir”

16:20 08-06-2021 432

Azərbaycandan olan 50-dən çox siyasətçi, hüquq müdafiəçisi və jurnalist Rusiya Federasiyasının Novosibirsk vilayətinin Moşkovski rayonunda 19 yaşlı Vəkil Abdullaevin ölümü ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Məktubun müəllifləri həbs edilərkən V.Abdullayevi xidmət silahı ilə başından yaralayan müfəttiş Aleksand Qusevin istintaq təcridxanasından sərbəst buraxılmasını tənqid ediblər.

Xatırladaq ki, 19 yaşlı soydaşımız hadisədən bir müddət sonra tibb müəssisəsində vəfat edib.

Məktubun müəllifləri saxlanılan şəxsin həbsdən azad edilməsini cinayətin ört-basdır edilməsi və göz yumulmasından əlavə, ksenofobiyadan əziyyət çəkənlərə təşviq kimi qiymətləndiriblər.

“Biz istintaqın qərəzli münasibətini müşahidə edirik. Polis məmurunun silahdan istifadə etməyinə ehtiyac yox idi – Vəkil silahsız idi. Bəlkə də o, müqavimət göstərirdi, amma bu polis üçün təhlükə yaradacaq səviyyədə deyildi”, - deyə Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev RBK-ya açıqlama verərkən qeyd edib.

Ə.Nuriyev hesab edir ki, söhbət qeyri-mütənasib güc tətbiqindən gedir. Ə.Nuriyev əlavə edib ki, Vekil Abdullayevin avtomobildə onunla birlikdə olan iki tanışının saxlanılması, müfəttiş Qusevin isə istintaq təcridxanasından azad edilməsi, Azərbaycan tərəfini hiddətləndirir. O bildirib ki, məhz bu səbəbdən azərbaycanlı ictimaiyyət nümayəndələri Rusiya Federasiyası Prezidentinə müraciət edib.

RBK həmçinin “Global Media Group”un media direktoru Həmid Həmidovun məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Hətta, əgər polis ehtiyatsızlıq nəticəsində atəş açıbsa, o, istənilən halda Vəkili öldürüb və vəzifə səlahiyyətlərini aşıb. Tapançanın çıxarılmasına ehtiyac yox idi – orada silahlı basqın və ya soyğunçuluq törədilmirdi, nəqliyyat hadisəsi idi”.