Rüşvətxor məmurlar hakim qarşısında - MƏHKƏMƏ

12:54 14-02-2019 6

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

HerGun.Az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Sonra Z.Lətifovun vəkili Bəylər Məmişov vəsatət qaldıraraq deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə xitam verilməsini istəyib. 

Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı fevralın 21-nə təyin edilib. 

Qeyd edək ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən, ilkin araşdırma nəticəsində Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verdikləri aşkar edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi üç min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan min manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər.

Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imzalatdırıb, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmilş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar. 

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Etibar Məmmədov

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar