Özü olmadan doğum günü qeyd edilən gənc şəhid - VİDEO

11:20 19-07-2021 381

Cəmi 18 il yaşasa da, adını tarixə yazdırmağı bacardı. Söhbət şəhid Elvin Məlikməmmədovdan gedir.

APA TV-nin xəbərinə görə, Elvin Elçin oğlu Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub.

Ailənin ilk övladı olan Elvinin özündən kiçik iki qardaşı var. Vətənpərvərliyi ilə seçilən Elvin 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Anası Hicran Məlikməmmədova deyir ki, oğlu ilə son dəfə Vətən müharibəsi başlamazdan bir həftə əvvəl görüşüb:

“Yaşı az olsa da, hörməti çox idi. Sentyabrın 20-də xidmət elədiyi hərbi hissəyə Elvinlə görüşməyə getmişdik. Görüşdük, danışdıq, şəkillər çəkdirdik. Biz qayıdanda bloknotunu mənə verdi. Tərtərdən qayıdanda yolboyu bloknotda yazılan qeydləri oxuyurdum. Həmin vaxt yazdıqlarının mənasını anlamamışdım. Elvin şəhid olandan sonra yazılanları oxudum. Mənə məktub da yazmışdı. Orda belə bir şeir vardı:

Əsgər oldum mən də Azərbaycana,
Haqqını, südünü halal et, ana.
Şəhid olsam, qəbrim üstə ağlama,
Bayramlarda bayram payımı saxlama.

Bütün qeydlərinin altında da yazmışdı ki, haqqınızı halal edin. Bloknotun axırıncı səhifəsində “Qismət olsa, dönəcəyəm. Şəhid olsam, üzülməyin, ağlamayın. Başınızı dik tutun, canım anam, başımın tacı, fəxrim atam” sətirlərini yazıb”.

Elvin Məlikməmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Savaşda daim düşmənin üzərinə atılan Elvin oktyabrın 3-də şəhidlik zirvəsinə ucalıb:

Atası Elçin Məlikməmmədov deyir ki, Elvin həmişə onların başını uca edib:

“Elvin başımızı həmişə uca edib. Bu gün Elvinsiz ilk doğum gününü qeyd edirik. Elə bil həmişə tələsirdi. Elə hey deyirdi ki, dostlarım əsgərliyə getdi, mən qaldım. Tərtərdə xidmət edirdi. Sonuncu dəfə yanına gedəndə çox razılığını bildirdi. Azərbaycan əsgəri olduğu üçün fəxr edirdi. Hərbçi olmaq istəyirdi. “Başınızı uca edəcəyəm” deyirdi və elədi də. Fəxr edirəm oğlumla. Onların sayəsində torpaqlarımız azad olundu. Hamımız alnıaçıq gəzirik. Ali Baş Komandanımızdan da razıyıq ki, daim diqqət və qayğı ilə əhatə olunmuşuq”.

Şəhid Elvin Məlikməmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.