Amputasiya olunmuş futbolçular xor oxuyacaqlar - FOTO

20:18 14-08-2019 519

Türkiyənin İstanbul şəhərində keçiriləcək UEFA Super Kuboku matçında bu gün daha bir yeniliyə imza atılacaq.

HerGun.Az-ın İstanbula ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçın açılış mərasimində Türkiyə Fiziki Məhdudiyyətlilər üzrə İdman Federasiyasının amputasiya olunmuş uşaqları və Türkiyə Radio və Televiziyasının polifonik mahnı oxuyan uşaqları birgə xorda ifa edəcəklər. Onlar Bob Marlinin "Three Little Birds" ("Üç Kiçik Quş") mahnısını ifa edərək öz məharətlərini göstərməyə çalışacaqlar.

Super Kubokun açılış mərasimində futbol azarkeşi olan və böyüyəndə Paralimpiya çempionu olmaq istəyən qazaxıstanlı Əli Turqanbəyov da iştirak edəcək. Qeyd edək ki, dünən "Liverpul"un məşqindən sonra o, almaniyalı baş məşqçi Yürqen Klop, misirli Məhəmməd Salah və braziliyalı Roberto Firmino ilə şəkil çəkdirib. Jurnalistlər tərəfindən "Qazaxıstanın Nik Vuyiçiç"i (avstraliyalı motivator) adlandırılan Ə.Turqanbəyov daha əvvəl də məşhur futbolçularla – argentinalı Lionel Messi, fransalı Kilyan Mbape, uruqvaylı Edinson Kavani və braziliyalı Neymarla görüşüb. Argentinalı Diyeqo Maradona və ukraynalı Andrey Şevçenko isə onu futbol oynamağa dəvət ediblər.

Xatırladaq ki, 44-cü dəfə keçiriləcək Super Kuboku ilk dəfə qadın hakimlər briqadası idarə edəcək.

Səbuhi Musayev