Nifrət edirəm “zavod çörəyi”nə, gedim, avokadolu salat yeyim

10:00 15-08-2019 405

Kubra Məhərrəmova yazır...

Bərəkətinə qurban olum, amma “zavod çörəyi”ni indi də görəndə qanım qaralır. Almıram o çörəyi, yeyə də bilmirəm. Qoxusu belə məndə pis xatirələr oyadır. Qaranlıq, aclıq, səfalətlə sinonimləşir.

Biz 90-larda məktəbə gedən uşaqlar başqa həyat görmüşük. Sovetin miras qoyduğu prinsiplər, təlim-tərbiyə, “perestroyka”, komission dükanlar, ağ önlüklü məktəbli formaları, küçədə şütüyən tanklar, xalq hərəkatı, məktəbdə keçilən dini dərslər, kiril əlifbasından latın qrafikasına keçid, kirilcə oxuyub latınca yazmaq və s.

Yadımdadır, məktəb üçün bazarlıq edəndə atam “oktyabryat ulduzu” da almışdı. Yaxaya taxılan dəmir sancaqlar. Üstündə də “Lenin babanın uşaqlığı”. Sonra məlum oldu ki, “oktyabryat”-filan boş söhbət imiş. Komsomolun da canı it canı imiş. Nə isə...

Biz şəhərdə doğulan, şəhər məktəbində oxuyan uşaqlar “keçid dövrü”nü necə keçdiksə, hələ də naməlum qalır. Bir göz qırpımında hoppandıq. Üçdən beşə hoppanan kimi. Amma valideynlər qaldı iki daş arasında. Dünənə kimi pul qazanıb, ev dolandıranlar bir gecəyə müflis oldu. Pullar dəyişdi, “Sberbank” (Сберегательный банк СССР) xalqa atdı, “qızıl zayomlar” isə kağız parçasına döndü.

Dövran dəyişdi. “Vahid banklar” çıxdı meydana. Kim kimə atdı, necə aldatdısa, oldu mal-mülk yiyəsi. Meydana “biznesmenlər” və “şapka alan bankirlər” çıxdı. “Mercedes” sürüb, Bakı kəndlərində ilk “villalar” tikdilər.

Bütün bu vurhavurda xalqın çörək dərdi çıxdı ortaya. İndikilər bilməz, amma çörək növbələri gecədən səhərə kimi uzanırdı. Bəli, adama iki çörəkdən artıq satmırdılar. Çörək də ki “sement”. Yemək də olmurdu. Amma millət bir-birini öldürməyə hazır idi o çörəyin üstündə. Sexlərdə, zavodlarda bişirilən “zavod çörəyi” üçün.

Atam haradansa təndir çörəyi tapırdı. Necə tapırdı, indiyə kimi mənim üçün sirr qalır. Anam evdə çörək bişirirdi. Atam necəsə un alıb gətirirdi. A kişi, dükanlar boş, kişi un gətirirdi kisə ilə. Atam bacarırdı, bəs bacarmayan minlərlə, on minlərlə insan nə yeyirdi, haradan tapırdı çörəyi?

“Xlebzavod” sözünü ilk dəfə o vaxtlar eşitmişdim. Qonşular harasa gedirdilər və çörək alırdılar. Təsəvvür etmək belə çətindir, insanların gün ərzində fikri-zikri adi çörək idi. Bir ədəd “zavod çörəyi”. Onu da bəxti gətirsə, tapacaqdı. Bir də görürdün növbən çatdı, çörək isə qutardı. Satıcı da deyir ki, gözləyin, indicə harada olsa, maşın gələcək.

Əgər satıcı tanış idisə, altdan iki dənə çörəyi xəlvət verəcəkdi qoltuğuna, yoxsa səhərə kimi gözləyəcəkdin. İnsanlar da qarda-soyuqda çörək gözləyirdilər. Böyüklər uzun növbələrdə vaxt itirməmək üçün uşaqları göndərirdirlər növbəyə, təqribi zamanı hesablayıb gedirdilər çörək dükanına.

Təsəvvür edirsiniz? İndi uşağı göndərmisiniz çörək növbəsinə, mobil telefonla zəng edib soruşursunuz ki, çörək maşını gəldi, ya yox?  

Ağıla sığmır, eləmi? İndi də nifrət edirəm “zavod çörəyi”nə. O vaxt o unu haradan alırdılar, undanmı bişirdi o çörək? Qısası, “əllərində çörək olanlar” xalqı bir parça çörəyə möhtac eləmişdi.

Qonşuların gündəlik söhbətləri ancaq bundan ibarət olurdu ki, “getdim yuxarıya, qurtarmışdı, getdim aşağıya, orada da yox idi, axırda zavoddan çıxartdırdım”. A kişi, elə bil ağır tonnajlı gəmi alır. Hə, evə çörək gətirmək qəhrəmanlıq sayılırdı.

Deməli, bu axşam uşaqları çörək yeyəcək, ac qalmayacaq. Heç bilinmirdi kim bişirir o çörəyi, necə bişirir, antisanitariya var idi, yox idi. Nə əcəb millət qırılmadı onda “bağırsaq çöpü”ndən?

O vaxt camaata desəydin ki, vaxt olacaq, istədiyin çörəyi dükandan ala biləcəksən, adamı diri-diri yandırardılar. Çörəyin adını tutan xalq düşməni idi. Bu gün isə adama qəribə gəlir ki, xalq necə çıxdı o gündən.

Nə isə, gedim, avokadolu salat yeyim. Hə, təzə dəbdir.