Keçmiş icra başçısının qohumuna pul atan şəxs həbs edildi

11:00 16-08-2019 553

Bakı Ağır Cinayətlər Məhkəməsində bir milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinən Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

HerGun.Az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə X.Balayevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini ləğv edib, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb. X.Balayev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 min ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən X.Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, zərərçəkmiş Y.Abdullayev Beyləqan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.