“Neftçi” və “Qarabağ” qrup mərhələsinin bir addımlığında - AFİŞA

09:20 26-08-2021 403

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları baş tutacaq. 

HerGun.Az xəbər verir ki, Azərbaycanın iki təmsilçisi - “Neftçi” və “Qarabağ” qrup mərhələsinə düşmək üçün mübarizə aparacaqlar. 

“Ağ-qaralar” İsraildə Hayfa “Makkabi”si ilə və “köhlən atlar” isə Şotlandiyada “Aberdin” ilə qarşılaşacaq. 

Bakıda keçirilən ilk qarşılaşmada “Neftçi” rəqibi ilə bol qollu heç-heçəyə imza atıb: 3-3. Bakı vaxtı ilə 21:00-da başlanacaq cavab qarşılaşması isə “Sammi Ofer” stadionunda keçiriləcək. “Ağ-qaraların” heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaqlar.

“Qarabağ” isə Bakıda keçirilən ilk oyunda “Aberdin”ə minimal hesabla qalib gəlib: 1-0. Bakı vaxtı ilə 22:45-də start götürəcək cavab oyunu “Pittodri” stadionunda baş tutacaq. “Köhlən atlar” heyətində Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədə səbəbindən oynamayacaqlar.

Qarşılaşmanın baş hakimi avstriyalı Harald Lexner olacaq.