Komitə vətəndaşın sənədini ala bilməməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

10:40 26-08-2021 460

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətisi Sumqayıt şəhər sakini Əyyub Sultanova məxsus qanuni torpaq sənədini komitə yanında Daşınmaz Əmlak Dövlət Reyestri xidmətinin iki saylı ərazi idarəsindən ala bilməməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Qurumdan HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Sultanov Əyyub Ataməli oğlunun etibarnamə üzrə nümayəndəsi Vəliyev Xəlil Əhməd oğlu avqustun 20-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinə gələrək müraciətinin təmin olunmamasına etiraz edib:

“Xəlil Vəliyev avqustun 17-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinin Sənədlərin qəbulu bölməsinə yaxınlaşaraq etibarnamə üzrə nümayəndəsi olduğu Əyyub Sultanovun adına Sumqayıt XDS İK-nin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə 01.10.1990-cı il tarixli müqaviləni təqdim edib. Lakin vətəndaşın ərizəsinə torpaq sahəsinin planı (yerləşmə sxemi) əlavə edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 6-cı bəndinə görə, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, qeydiyyat üçün verilmiş ərizəyə torpaq sahəsinin planı və torpaqda yerləşən tikililərin cizgisi əlavə olunmalıdır.

Vətəndaşın 1990-cı ildən istifadə etdiyi sahəni müəyyən etməyə imkan verən və qanunvericiliklə onun icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan torpaq sahəsinin planı (yerləşmə sxemi) mövcud olmayıb.

Buna baxmayaraq, 2 saylı Sumqayıt ərazi idarəsinin arxivində araşdırma aparılması, eləcə də torpaq sahəsinin yerinin müəyyən edilməsinə imkan verən digər tədbirlərin görülməsi üçün ərizə qəbul edilib və əlavə araşdırma məqsədilə icra müddəti qanunvericiliyin tələbinə uyğun olaraq uzadılıb.

Ümumiyyətlə, Novxanı, Saray, Corat və Sarıqaya bağ massivləri ilə bağlı idarənin arxivində texniki sənədlərin olmaması səbəbindən hazırda həmin sahələrin yerləşmə ünvanlarının dəqiqləşdirilməsi üçün əlavə tədbirlərə ehtiyac yaranır. Qeyd edək ki, bu bağların əksəriyyəti vətəndaşlara Sovet dövründə verilib, lakin texniki sənədlərlə təmin edilməyib”.

“Hazırda Əmlak Məsələləri Dövlət Xidməti vətəndaşların bağ sahələrinin qeydiyyatında problemlərlə qarşılaşmaması və ya ortaya çıxan problemlərin həlli üçün maksimum səy göstərir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə müvafiq olaraq bunu vətəndaşın özündən tələb etmədən digər dövlət orqanları ilə iş aparır.

Əlavə olaraq bildiririk ki, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) birgə müəyyən edilməsi üçün Sumqayıt Bələdiyyəsinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Ərazinin naturada müvafiq orqanların və qonşuların iştirakı ilə müəyyən edilməsindən sonra vətəndaşın bağ sahəsinin qeydiyyatı aparılacaq”, - deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl vətəndaş Əyyub Sultanovun şəxsi nümayəndəsi Xəlil Vəliyev bildirib ki, onlar Saray bağlarında 10 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün həmin quruma müraciət ediblər. Xidmətdən bütün sənədlərin qaydasında olduğunu və bu ilin iyul ayının 9-da hazır sənədi Əmlak Komitəsinin iki saylı ərazi idarəsindən ala biləcəklərini deyiblər. Amma məsələ həllin tapmayıb.

İlhamə Əbülfət