Azərbaycanda bankların gəlirləri KƏSKİN AZALIB - RƏSMİ

13:40 26-08-2021 581

2021-ci ilin 1 avqust tarixinə Azərbaycanda bankların cəmi aktivlərinin həcmi 33 668 100 000 manat olub.

HerGun.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına əsasən, əvvəlki ayla müqayisədə bankların aktivlərinin həcmi 1,8 faiz, illik müqayisədə isə 10,4 faiz artıb.

Bankların cəmi öhdəliklərinin həcmi 28 899 700 000 manat təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 faiz, illik müqayisədə isə 11,8 faiz çoxdur. Cəmi bir ay ərzində bankların öhdəliklərinin həcmi 679 600 000 manat həcmində artıb.

Avqust ayının 1-nə bankların xalis gəlirlərinin həcmi 408 900 000 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis gəlirinin həcmi 4,5 faiz azalıb.

Təkcə iyul ayı ərzində isə bank sektoru 42 600 000 manat gəlir əldə edib. Bu isə iyun ayında əldə edilmiş xalis gəlirdən 2,2 dəfə azdır. Bankların iyul ayı ərzində əldə etdiyi qazanc 2020-ci ilin müvafiq dövründəki xalis gəlirlərindən 24,5 faiz azdır.

Bu il bankların mənfəətdən ödədiyi vergilərin həcmi də ötən ilin eyni dövrünə nisbətən 24,6 faiz azalaraq 71 900 000 manat olub.

Avqust ayının əvvəlinə bank filiallarının sayı 465 ədəd, bankların ATM-lərinin sayı isə 2 824 ədəd olub, iyul ayı ərzində daha 20 ədəd ATM istifadəyə verilib.

Hesabat dövrünün sonuna banklarda işçilərin sayı 19 169 olub. Bir ay ərzində 176 yeni işçi bank sektorunda fəaliyyətə başlayıb.

Nigar Məmmədova