Bir şey-mir şey var?

19:27 15-05-2019 9

Günay Malikqızı yazır...

Bir şey-mir şey var?

Bu sualı o qədər eşitmişəm ki... İndi o sualı eşitdiyim günləri yadıma salıb gülümsəyə bilirəm, amma onda... Özü də sualı o qədər əlaqəsiz adamlar verirdi ki... Gözləmədiyim anda, gözləmədiyim yerdə və heç gözləmədiyim insanların arasında bu suala necə cavab verəcəyimi bilmirdim.

Düşünürəm ki, məşhur lətifədə olduğu kimi, kompüteri “başqa nə var, nə yox?” deyərək sıradan çıxaran “Azərbaycansayağı” suallarla hamımız qarşılaşmışıq, bəlkə də, nə vaxtsa biz də belə suallar vermişik. 

Məncə, biz bu tip sualların verilməsi üzrə çoxdan “Ginnesin rekordlar kitabı”na düşmüşük, xəbərimiz yoxdur.

Xəbəriniz var ki, “bir şey-mir şey” mürəkkəb sözdür?! Özü də bir tərəfinin ayrılıqda leksik mənası olmayan sözlərin birləşməsindən əmələ gələn mürəkkəb söz. Hətta elm də deyir ki, bir tərəfdən mənası yoxdur, ancaq çox mürəkkəbdir. Doğrudan da mürəkkəbdir.

Axı o sualı verən anlamalıdır ki, indi onun “bir şey-mir şey” dediyi, əslində isə uşaq nəzərdə tutduğu, o körpənin atası və anası özəl işləri haqda heç kimə məlumat vermək məcburiyyətində deyillər. 

Bəlkə də, bir şey-mir şey var, amma məhz o sualı verən insana demək istəmirlər. Heç bu barədə düşünmüsünüz? Belə ola bilməz? Var. Amma istəmirlər ki, siz biləsiniz. Heç ən yaxınlarına da demirlər. Sürpriz hazırlayırlar. 

Bu sualı yarımçıq təbəssümlə, bir az yavaşca soruşmaqla, əslində, gizlin bir informasiya alacağınıza özünüzü hazırlayırsınız.

Amma niyə bu cavabın sizdən gizli olduğunu anlaya bilmirsiniz? Bəli, yeni evlənən insanlara və ya uşağı olmadığını bildiyiniz cütlüklərə (əsasən də qadınlara) bu sualları verməyin düzgün olmadığını anlamaq istəməyənlər hələ də var.

Təəssüf ki, çoxdur. Özü də insanların az qala yataq otağına qədər girməyə utanmayanlar bu suala cavab almayanda o insanları qeyri-səmimilikdə ittiham etməkdən də utanmırlar. 

Məhz onlar üçün demək istəyirəm ki, “bir şey-mir şey” barədə öyrənmək istədikləriniz çox özəl informasiyadır. Bu qədər özələ müdaxilə etmək olmaz. Yəni bu sualı o insanlara vermək üçün, nə bilim, aranızda ən azı bir qan bağı olmalıdır. Ya da o insan özü sizə bu barədə danışmalıdır. 

“Bir şey-mir şey var?” sualının sevgidən, qayğıdan qaynaqlandığını deyənlər çox olacaq. Ancaq inanın ki, siz heç kimi onun özündən çox sevə bilməyəcəksiniz. İnsanları narahat etmədən də sevmək olar. Bəlkə də, Allahdan başqa heç kimin cavabını bilmədiyi bu suallara cavab axtarmaqdansa, özünüz üçün daha faydalı olacaq məsələlərə fikir verə bilərsiniz. İndi o sualı eşitdiyim günləri yadıma salıb gülə bilirəm və düşünürəm ki, gərək onda da güləydim. 

Axı bu sualı verə biləcək adam qıraqdan çox gülməli görünür...