Bakıda ahıllarla bağlı sərgi keçirilir - FOTO

15:20 01-10-2021 297

1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

Sərgi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilir.

Sərgi üç gün davam edəcək. Sərgidə layihəyə cəlb edilmiş yaşlı insanların müxtəlif sahələrdə aktiv fəaliyyətlərini, fəal həyat tərzini əks etdirən, peşəkar fotoqraflar tərəfindən çəkilmiş fotoşəkillər təqdim olunur.

Məqsəd yaşlanma fenomeni ilə bağlı bir sıra hallarda mövcud olan stereotiplərin və yaşlanmaya şüurlarda ənənəvi yanaşmanın pozitiv təsəvvürlərlə əvəz olunmasını təşviq etməkdir.

Sərginin açılışı tədbirinə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMT-nin Əhali Fondunun, digər tərəfdaş qurumların nümayəndələri, layihənin müxtəlif fəaliyyətlərinə cəlb olunmuş yaşlı şəxslər, media mənsubları qatılıb. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abaszadə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, layihə yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsinə yönəlik müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramları əhatə edir.

Fotosərgi növbəti iki gün ərzində Dənizkənarı Bulvar ərazisində açıq havada davam edəcək.