“İnsanlar həyatını 20-40 manata satmağa meyilli olmamalıdır” - Yol Polisi rəsmisi ilə MÜSAHİBƏ + FOTO

16:00 01-10-2021 327

Hər kəs bilməlidir ki, yol hərəkəti sistemində problemlərin həll olunması yalnız yol polislərinin deyil, həm də fərd olaraq bizlərin üzərinə düşür. Belə ki, cari ilin 8 ayı ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 42 %-i piyada vurulması faktlarıdır.

Yol terrorunun qurbanı olanlar arasında yaşlılar, cavanlar, hətta məktəblilər belə var. Təhsil ili başlayır. Paytaxtda fəaliyyət göstərən bir çox orta məktəblər avtomobil yollarının kənarında yerləşir. Bu isə məktəblilərin təhlükəsizliyi baxımından bir qədər risklidir.

Polis əməkdaşlarının sözlərinə görə, azyaşlıların, xüsusilə piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin əksəriyyəti bu ərazilərdə qeydə alınır.

Bəs bunun qarşısını necə almaq olar?  Yol terrorunu yaradan kimlərdir - sürücülər, yoxsa piyadalar?

HerGun.Az Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə bu və digər mövzularda söhbətləşib:

- Demək olar ki, hər gün Bakıda yol-nəqliyyat hadisələri qeydə alınır. Bir tərəfdən də bu qədər maarifləndirici tədbirlər aparılır. Görülən tədbirlər hadisələrin sayına təsir edirmi?

- Hər bir insanın həyatı dəyərlidir. Bütün hərəkət iştirakçıları təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, həm öz həyatlarını, həm də digərlərinin həyatlarını qorumuş olsunlar. Bu məsələlərdə təhsil müəssisələrinin də üzərinə ciddi məsuliyyət düşür. Təhsilin idarə edilməsi ilə məşğul olan şəxslərdən tutmuş, yüksək vəzifəli məmurlara kimi, hər kəs bu məsələyə öz töhfəsini verməlidir. Həyatımızın böyük hissəsi yollarda keçirsə, mütəmadi olaraq orta və ali məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı təbliğat işləri mövsümi yox, mütəmadi aparılmalıdır. Təəssüf ki, biz də bu məsələ diqqətdən kənarda qalır. Əvvəllər məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı lövhələr asılırdı, maarifləndirici məlumatlar yerləşdirilirdi. İndi bu kimi təbliğatlara rast gəlmək olmur.

Daxili İşlər Nazirliyi hər il sentyabrın 20-dən oktyabrın 20-nə qədər “Diqqət Uşaqlar” aylığı keçirilir. Arzu edirik ki, bu təbliğat işlərində tədris müəssisələri də öz təşəbbüsünü irəli sürsün və mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilsin. Çünki, hər şeyin kökündə təhsil dayanır.

Bir tədris ilində bir sinif yol-nəqliyyat qəzalarının qurbanı olub...

- Tədris ili ərzində neçə şagird piyada vurulması ilə nəticələnən yol qəzalarının qurbanı olub?

- Ötən ilin statistikasına nəzər saldıqda insan sadəcə təəssüf hissi keçirir. 2019-2020-ci illər üzrə bir tədris dövründə 23 şagirdi yol-nəqliyyat hadisələrində itirdik. Bu bir sinfin itirilməsi deməkdir. Uşaq ölümləri dəhşətdir. Onların içərisində ibtidai sinifdə oxuyanlar, azyaşlılar vardı. Ölüm faktı ilə yanaşı, 100-ə yaxın azyaşlı və məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb. Bu xəsarətlər onların sağlamlıqlarının bir hissəsini itirmələrinə və əlillik dərəcəsi almalarına gətirib çıxarıb. Bu onu göstərir ki, piyada vurulmaları ilə nəticələnən yol-nəqliyyat hadisələri ciddi problem olaraq qalır.

Mən bu problemin mövcudluğunda valideynləri, ictimaiyyətin digər üzvlərini də günahkar hesab edirəm. Çünki, cari ilin mart ayında ana iki övladı ilə birlikdə Sabunçu dairəsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin qurbanı oldu. Nəticədə ana və bir uşaq vəfat etdi, digər uşaq isə sağlamlığını itirdi. Bəzən yol keçərkən valideynlər özlərini düşünmür, yola qaçır və bununla da uşaqlarına da pis nümunə olurlar. Bu onu göstərir ki, bizim hələ də cəmiyyət olaraq yol mədəniyyətimiz kifayət səviyyədə deyil.

- Bu ilin cari 8 ayı ərzində qeydə alınan statistik nəticələr varmı? İlbəil artım, yoxsa azalma müşahidə edilir?

- Cari ilin 8 ayı ərzində baş verən yol-nəqliyyat hadisələrində piyada vurma ilə nəticələnən qəzaların 42 %-i respublika ərazisində qeydə alınıb. Bu rəqəm Bakı üçün 56 %-dir. 8 ay ərzində bu qəzalarda 190 nəfər respublika ərazisi üzrə, 80 nəfər isə Bakı şəhəri üzrə həlak olub. Respublika üzrə qəzalarda xəsarət alanların sayı 267, Bakı üzrə isə 107 nəfərdir. Təəssüf doğuran məqam isə hadisə zamanı həlak olanların əksəriyyəti cavan və sağlam insanlardır.

Təəssüf ki, ümumilikdə piyada vurma hadisələrinin 90%-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir.

- Bu o deməkdir ki, aparılan təbliğatlar nəticə vermir, yoxsa necə?

- Belə deməzdim sadəcə olaraq ictimaiyyətə təsir edəcək, şüuraltı onları yol hərəkəti qaydalarına riayət etməyə sövq edəcək videoçarxlar çəkilməlidir. Bir çox sosial platformalarda son illərdə müxtəlif mövzularda məlumatlar hazırlanır. Hətta mən deyərdim bəzən çox bayağı süjetlər hazırlansa da bu cəmiyyətin böyük hissəsinə qısa müddətdə çatır. Yaxşı olardı ki, sosial şəbəkələrdə aktiv olan şəxslər fəaliyyətlərində yol hərəkəti qaydalarına həsr edilən materiallar da hazırlasınlar.

Artıq internet dövründə yaşayırıq, yəni, bu dövrün Mirzə Cəlili yoxdurmu, Mirzə Ələkbər Sabiri yoxdurmu ki, bu məsələlərdə ictimai məsuliyyəti qabartsınlar? Əlbəttə var. Sadəcə insanlar hadisələrə biganə yanaşırlar. Düşünürlər ki, bu məsələ ilə yalnız polislər və ya aidiyyəti digər orqanlar məşğul olmalıdır. Lakin cəmiyyətin də öz rolu var və hadisələrə təsir etmə gücü var. Sadəcə ondan düzgün və yerində istifadə etmək, bir növ mədəni marafon təşkil etmək lazımdır. Məsələn, mən düşünürəm ki, yol hərəkəti qaydaları ilə bağlı mövzuda istər vətəndaş kimi, istərsə də polis kimi mənim çağırışımdansa, hər kəsin sevdiyi Ramiz Rövşənin cəmiyyətə bir müraciəti, Rasim Balayevin çağırışı daha çox effektiv olar.

- Məktəblərdə əyani təhsil bərpa olunur və bu, artıq nəqliyyatın hərəkətində yaranan sıxlıqla özünü göstərir. Bəs bu yol qəzalarına nə kimi təsir edir?

- Bu, bizim mental problemimizdir. Hər kəs övladını məktəbə maşınla gətirib, maşınla aparmaq istəyir. Rahatlığımıza düşkün cəmiyyətik. Heç kim buna etiraz da etmir. Lakin, valideynlər az qalır ki, uşağı maşınla məktəb qapısının ağzına qədər aparsın. Bu, düzgün deyil. Onlar düşünməlidirlər ki, məktəblərin qarşısında 2-3 avtomobil eyni anda cəmi 2 dəqiqə dayansa, yollarda hərəkətin intensivliyi necə pozulur. Yaranan sıxlıq isə 2 dəqiqə deyil, uzun müddət davam edir. Bu isə öz növbəsində səhər saatlarında işə tələsən digər hərəkət iştirakçılarına maneəçilik yaradır. Bakı milyonluq şəhərdir, rəsmi olaraq 3 milyona, qeyri-rəsmi 5 milyona yaxın insan yaşayır. Siz bununla gündəlik tranziti nəzərə alın. Odur ki, bütün küçə və prospektlərində, əhalinin sıx olduğu küçələrdə xidmətimizi ikiqat gücləndirmişik. Çalışırıq ki, yaranan süni sıxlığın qarşısını alaq.

Amma nəzərə almaq lazımdır ki, hər bir piyadaya bir polis əməkdaşı ayrıla bilərmi? Hər küçədə bir polis əməkdaşı gözləyə bilərmi? Bu, mümkün deyil. Biz axı cəmiyyəti inzibati qaydaların hesabına idarə etməməliyik. Cəmiyyət özü bizə dəstək olmalıdır. Əhalimiz kifayət qədər savadlı kəsimdir, hər şeyi də yaxşı bilirik. Pandemiya dövründə müxtəlif sanksiyalar tətbiq etməklə, cərimələrin miqdarını artırmaqla ağır perioddan çıxa bildik. Bu gün isə bir balaca məsuliyyətli olmaqla yol-nəqliyyat hadisələrinin sayının azalmasına kömək edə bilərik.

İnsanlar həyatını 20-40 manata satmağa meyillidir...

- Əgər cəmiyyət olaraq öz məsuliyyətimizi dərk etməkdə çətinlik çəkiriksə, bəlkə sadəcə cərimələrin miqdarını artırmaq lazımdır?

- Bəzən vətəndaşlar qaydaları pozaraq bizə sosial mesaj ötürürlər. Məsələn, sürət həddi 60 km/saat olan yolda təyin olunmamış yerlərdən keçməyin cəriməsi 20 manat, sürət həddi 80km/saat təyin edilən yollarda isə 40 manatdır. Qanunsuz yerlərdən keçid etməyin ümumiyyətlə ən yaxşı halda cəzası xəsarətdir, ən pis halda ölümdür. Lakin, bəzən insanlar cərimələri ödəyərəm deyib, həyatlarını riskə atırlar.

Bəzən piyada vurulmasına dair xəbərlər paylaşılanda sosial şəbəkələrdə şərhlərə baxıram. İnsanlar yazır ki, gərək cərimələrin miqdarı 200 manat, 500 manat olsun ki, onlar buradan keçməsin. Bunu da cəmiyyətimiz deyir. Amma biz sosialyönümlü ölkəyik və dövlətimiz vətəndaşın durumunu da nəzərə alır. Cərimə məbləğlərini artırmaq çarə deyil, mədəni səviyyə, profilaktik tədbirlər çarə olmalıdır. “Tik-Tok” platformasında insanlar müxtəlif videolar çəkir və bundan gəlir qazanır. Paylaşımlardan birini də yol hərəkəti təhlükəsizliyinə dair qısa bir videoya həsr etsələr, olmaz? Amma bir hadisə olan kimi onlar da, digərləri də klaviatura qəhrəmanına çevrilirlər. Biz də ictimaiyyətə sual veririk ki, hər şeyi dövlətdən, güc orqanlardan gözləmək düzgün istiqamətdir?

- Yol-nəqliyyat hadisələrinə şərait yaradan məqamların təkcə hərəkət iştirakçıları olmadığını düşünürəm. Yol infrastrukturları və digər məqamlar nə dərəcədə rol oynayır?

- Ümumiyyətlə burada üç komponent var - insan amili, nəqliyyat vasitələri və yol infrastrukturu. Bunlar düzgün tənzimlənmədisə, yol-nəqliyyat hadisələri çox olacaq. Bu gün ölkəmizdə yeni nəsil avtomobillərin sayı artır. Bu, ölkənin iqtisadi baxımdan yaxşı vəziyyətdə olmasına işarədir və gözəl haldır. Hər kəs çalışır ki, ekoloji cəhətdən də daha zərərsiz nəqliyyat vasitələrinə sahib olsunlar. Lakin bununla belə nasaz vəziyyətdə olan avtomobillərlə yollara çıxan sürücülər də az deyil. Digər tərəfdən böyük və əhalinin sıx yaşadığı şəhərlərdə ictimai nəqliyyatın effektivliyini təmin etmək məqsədilə avtomobil sayının çox olmaması lazımdır.

Şəhər yollarında sıxlıqdan danışırıqsa, uzun illər boyu yol verilərək bu günə qədər gələn səhvləri yaddan çıxara bilmərik. Onların da müəyyən mənada bu hadisələrdə öz payı var. Bu gün müxtəlif hündürmərtəbəli binalar tikilir, lakin onların parkinq məsələlərini düşünən yoxdur, nəqliyyat vasitələri yol kənarında parklanır. Orada uşaqların oynaması üçün ərazi nəzərdə tutulmur, uşaqlar oynamaq üçün avtomobil yoluna qaçır. Bu, ciddi problemlərə yol açır. Biz bu məsələlərin bir hissəsini deyə bilirik, bir hissəsini isə yox. Bəzən heç nə göründüyü kimi olmur.

- Tez-tez “cəmiyyətin mədəni səviyyəsinin kifayət qədər yüksək olmamasını” vurğuladınız. Tam olaraq nəyi nəzərdə tutursunuz?

- Bilirsiniz, biz gərək özümüzü o qədər inkişaf etdirək ki, mədəni səviyyəmiz o qədər yüksək olsun ki, 20 il sonra narkotik maddə istifadə edən adam tapa bilməyək. Açıq şəkildə küçədə narkotik satılsa da, insanlar ona maraq duymamalıdır. Məsələn, yol mədəniyyətində nisbətən irəliləyişlər müşahidə edilir. Sizə deyim ki, 5 il əvvəl şəhərdə siqnal səsindən dayanmaq olmurdu, indi isə hərəkət iştirakçıları siqnaldan zərurət olmadıqca istifadə etmirlər. Beş il əvvəl kəmər taxmamağı özünə qəhrəmanlıq bilənlər bu gün kəmər taxmayanları özü qınayır. Əvvəllər sürücülər piyadalara yol vermirdi, indi isə piyadalar avtomobillərə yol vermir.

- Bakıda sürücülərin ən çox, kobud şəkildə pozduğu yol hərəkəti qaydaları hansılardır? Hansı qayda pozuntusuna görə protokol yazmaqdan yorulmusunuz?

- Bu gün yazılan protokolların yarıdan çoxu dayanma-durma qaydalarının, manevr və sürət həddinin aşmasına dair qaydaların pozulması ilə bağlıdır. Təbii ki, regionlarla paytaxtda müşahidə edilən qayda pozuntuları eyni deyil. Bizdə işıqforun qırmızı işığından keçən sürücülər üçün cərimə 60 manat 3 bal müəyyən edilib. Amma Yaponiyada işıqforun qırmızı işığından keçənləri həbs edirlər. Düşünürlər ki, psixoloji durumu yerində deyil. Dünyada ən çətin yol hərəkəti qaydaları İsveçdədir. Orada primitiv qayda pozuntuları üzrə cərimələr 300-500 avrodan başlayır. Ona görə də onlarda yol mədəniyyəti yüksəkdir, yol qəzalarının da sayı minimaldır.

- Psixoloji durum dediniz, bir məqama da aydınlıq gətirək. Məlumdur ki, sürücülərin hər biri yol hərəkəti qaydalarına kifayət qədər hakim deyillər. Daha dəqiq desək, sürücülük vəsiqəsini qeyri-leqal yollarla alanlar da az deyil. Dəfələrlə bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən maarifləndirici məlumatlar paylaşılıb ki, yol hərəkəti qaydalarına hakim olmadan sükan arxasına keçmək risklidir. Yol-nəqliyyat hadisəsi zamanı bu kimi hallarla rastlaşmısınız?

- Təəssüf ki, doğru vurğuladınız. Bu sahədə də müəyyən boşluqlar var. Amma Dövlət Yol Polisi İdarəsi bununla bağlı ciddi tədbirlər görür. Biz yol-nəqliyyat hadisəsi törədənləri araşdıran zaman məlum olur ki, əksər hallarda hadisə törədənlərin 80 faizdən çoxu sürücülük təcrübəsi 5 ildən yuxarı olanlardır. Yəni onlar arasında sükan arxasına yeni əyləşən sürücülər azlıq təşkil edir.

O ki qaldı sürücülük vəsiqəsinin alınması üçün bilik səviyyəsinin yoxlanması məsələsinə, şəxsi fikrimdir ki, bilik istənilən sahədə lazımdır. Olub ki, araşdırma aparılıb və vətəndaşın sağlamlığında elə bir problem aşkarlanıb ki, qanunla ona heç sürücülük vəsiqəsi düşmür. Amma bu, həssas məsələdir. Belə deyək ki, bu gün sürücülük vəsiqəsini çox asan yollarla əldə etmək olur. 

Bəzən sürücülük vəsiqəsi olan şəxslər sonradan müxtəlif hadisələr səbəbindən psixoloji sarsıntılar keçirə bilir. Həyatda yaşadığımız ağır hadisələr psixoloji durumumuza təsir edə bilər. Məhz bu səbəbdən sürücülük vəsiqəsi olan şəxslərin sağlamlıq durumunun müvafiq qaydada aidiyyəti orqanlar tərəfindən yoxlanılması və yekun nəticə barədə Dövlət Yol Polisi İdarəsinə də məlumat verilməsi yaxşı olardı. Bu da ayrı bir mövzudur. 

Eyni zamanda onu deyim ki, sürücülük vəsiqəsinin alınması üçün 10 sual bilik səviyyəsini müəyyənləşdirmək üçün azdır. Sualların sayı 100-ə qədər artırılsa, pis olmaz. Bu gün Azərbaycanda dünya ölkələri ilə müqayisədə sürücülük vəsiqəsi almaq çox asandır. Bilik səviyyəsi, psixoloji durum daha dərin yoxlanıla bilər. Nazirlər Kabineti tərəfindən verilən qərara əsasən, müvafiq xəstəliklər var ki, (nevroloji-psixatrik diaqnozlar və s.) onlar istisna edilməklə, hər kəs sürücülük vəsiqəsi ala bilər. İnandırım sizi, bu sahədə qaydalar sərtləşdirilsə, yol hərəkəti təhlükəsizliyinə münasibət dəyişiləcək və yol-nəqliyyat hadisələrinin sayının da azalmasına müsbət təsir edəcək.

- Sürücülər üçün sertifikasiya, müəyyən bir müddət sonra yenidən bilik səviyyəsinin yoxlanılması üçün hər hansı imtahanların təşkili müzakirə edilirmi? Sizcə, bu, qeyri-leqal yollarla sürücülük vəsiqəsinin alınması ilə bağlı yayılan söhbətlərin aradan qalxmasına, eləcə də psixoloji durumu sükan arxasına keçməyə icazə verməyən şəxslərin aşkarlanmasına yardım edə bilər? Bu istiqamətdə hər hansı təklif və ya müzakirələr aparılırmı?

- Belə bir təklif müzakirə edilməyib. Çünki kütləvilik məsələsi var. Məsələn, ölkədə sertifikasiya həkimlərə, müəllimlərə aparılır. Lakin sürücülərin sayı ilə onların sayı bir tutula bilməz. Məncə, sertifikasiya məsələsi müzakirə edilsə belə, bu, ictimai nəqliyyatda sürücü kimi çalışanlar üzərində aparılmalıdır. Düşünürəm ki, milyon yarım nəqliyyat vasitəsi varsa, ondan da çox sürücülük vəsiqəsi olan şəxslər var. Bu, böyük rəqəmdir və onun sertifikasiyası böyük vaxtla yanaşı, böyük vəsait tələb edir. Bu, ancaq sürücülüyü özünə peşə fəaliyyəti kimi seçənlər üzərində - taksi, avtobus sürücüləri üzərində aparıla, psixoloji vəziyyəti yoxlanıla bilər.

Elə şizofreniya xəstələri var ki, onların sürücülük vəsiqəsi var. Hətta əlillik dərəcəsi üçün aidiyyəti qurumlara da müraciət ediblər. Yaxşı bəs bu məsələ ilə bağlı Dövlət Yol Polisinə niyə məlumat verilmir? Adam sürücülük vəsiqəsini 15 il əvvəl alıb. Sonra elə bil psixoloji sarsıntı keçirib ki, artıq o, sürücülük vəsiqəsindən istifadə edə bilməz. Bu barədə məlumatı isə aidiyyəti qurumlar bir-biri ilə əlaqəli çalışarsa, bir-birinə ötürə bilər. Aidiyyəti orqanlar DYPİ-nə məlumat versə, yaxşı olardı ki, filankəsov filankəsin sürücülük vəsiqəsi var, lakin o, müəyyən psixatrik problemlərlə bizə müraciət edib. Aidiyyəti orqanlar arasında kommunikasiya düzgün qurulmalıdır deyə düşünürəm. Mən fikirləşirəm ki, bu qanunla tənzimlənməli və mərkəzləşdirilmiş sistem qurulmalıdır.

İyun ayında Nərimanovda iki sürücü bir-birini yolda bıçaqlamışdı. Bu, psixoloji olaraq insanın durumunu düzgün göstərməyən durumdur. İnsanlar psixoloji durumlarını o qədər idarə edə bilmirlər ki, bu kimi hallara yol verirlər. Bu səbəbdən sürücülər, xüsusilə də sərnişindaşıma ilə məşğul olan sürücülərin sağlamlıqları, psixoloji durumları mütəmadi yoxlanılmalıdır. Elə durum ola bilər ki, şəxsi nəqliyyat vasitəsinin idarəsinə icazə verilə bilər, lakin sərnişindaşıma fəaliyyətinə olmaz.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev