Günah qadındadır, əcəb oldu!

16:40 01-10-2021 293

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin maddələrinə əsasən məlum olur ki, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

Digər bənddə isə bildirilir ki, dini kəbin (dini nikah) hüquqi əhəmiyyətə malik deyil. Onu da qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Kimin vaxtı və həvəsi varsa, məcəlləni oxusun. Əslində nə görürük?! Ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından daha çox məcburi evlilik və ya “qudaların evliliyi” meydana çıxır.

Ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyinin əksi olaraq ailəyə hər iki tərəfin bütün nəslinin qarışmasını və özünə “ağsaqqal” və “ağbirçək” deyənlərin hökmranlığı sayəsində digərlərinin hüquqlarının pozulmasını görürük. Nəsil və qohumlar arasında müəyyən nüfuza malik, iyerarxiya qanunlarına uyğun olaraq müəyyən şəxslərin digər kəslərin həyatı məsələləri üçün qərar verməsini görürük. Bu hal, bu quruluş hüquqi baxımdan insan haqlarının pozulması sayılsa da, Azərbaycanda “böyüyün sözü”, “müqəddəs qərar” kimi qəbul olunur.

Bu kimi hallara qarşı çıxanlar isə əksərən “böyüyün üzünə qayıdan” damğası ilə dünya-cahana təqdim olunur. Ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətinin əksi olaraq, çox vaxt tərəflərdən birinin ailəyə qarşı bivec və məsuliyyətsiz yanaşmasını görürük. Öhdəliklərin yerinə yetirilməməsi, məişət problemlərindən qaynaqlanan hadisələrin daha sonra kriminal müstəviyə keçməsini görürük. Azərbaycanda elə bir gün yoxdur ki, həmin gün qadınlar məişət zorakılığı ilə üzləşməsin. Heç olmayan yerdə ya döyməlidir, ya da söyməli. Döyülmə və fiziki zorakılıqla bağlı əlimizdə doğru statistika olmadığından vəziyyətin hansı dərəcədə olması ilə bağlı məlumatlar dəqiq deyil. Çünki əri tərəfindən döyülən, fiziki zorakılığa məruz qalan qadınların heç də hamısı polisə müraciət etmir. Müraciət edənləri də çox zaman hüquq-mühafizə orqanları “barışığa” dəvət edir. Bu “barışıq” da çox zaman daha böyük faciə ilə nəticələnir.

Dünən polis bölməsində baş verən hadisə isə mən bilən Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə baş verib. Əgər oxşar hadisə yadınıza gəlirsə, qeyd edin. 27 yaşlı Xanım Məmmədova əri tərəfindən fiziki zorakılığa məruz qalması barədə polis bölməsinə şikayətə gələn zaman, polis əməkdaşı olan əri tərəfindən bölmədə uşaqlarının gözü qarşısında qətlə yetirilir. HerGun.Az-ın əldə etdiyi məlumata görə, onlar səkkiz il qabaq ailə həyatı qurublar. Ailənin iki azyaşlı uşağı var. Onlardan biri məktəblidir, digəri isə bağçada təlim-tərbiyə alır.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bir ailə darmadağın oldu. Biri həyatını, digəri azadlığını (ömürlük həbs ilə də tamamlana bilər), hər iki körpə isə həyatda ən çox sevdikləri insanlarını itirdi. Sadəcə faciə… Amma bu dramın fonunda daha dəhşətli və qlobal faciə var. Bu da baş verən hadisəyə cəmiyyətin münasibətidir. Cəmiyyət isə sonunda elə bizim ana-atamız, qohum-əqrəbamızdır.

İstər sosial şəbəkələrdə, istərsə insanlar arasında müzakirələrdə bu hadisə çox qəribə və qeyri-insani formada dəyərləndirildi. Əksəriyyət bildirdi ki, günah qadındadır, ərindən polisə şikayət ərizəsi yazmalı deyildi. Əcəb oldu! Cəmiyyətin bu mesajından bir daha aydın olur ki, biz heç bir dövlət institutunu günahkar bilməli deyilik. Bizim cəmiyyətin əksəriyyəti vəhşi qanunlarla yaşayan toplumdur. Çünki bizim hər şeydən əvvəl, hamıdan yüksək duran mental dəyərlərimiz var ki, bunun qarşısında Haaqa tribunalı belə diz çökür. Qadın günahkardır, qadın döyülməlidir, öldürülməlidir.

Polis deyir gəl şikayət ərizəsi yaz, cəmiyyət deyir qələt edirsən, öl, iki uşaq doğmusan, dözməlisən! Ər evindən meyitin çıxmalıdır. Ər öldürüb, yaxşı eləyib. Deməli nəsə bir zibili var imiş…

Bir müddət əvvəl daha bir gənc qadın azyaşlı övladı ilə evin damından müəmmalı şəkildə düşərək həlak olmuşdu. Eyni fikri onun haqqında da səsləndirdi cəmiyyət. Və yüzlərlə belə hadisəyə cəmiyyət eyni cür qiymət verir. Və bir gün belə düşünən adamların ailəsində faciə yaşanır. Ya qızını kürəkəni vurub öldürür, ya da oğlu gəlinlərini o dünyaya göndərir. Sonra da bu valideynlər on illər ərzində həbsxanaya pay-puş daşıyırlar. Ah-vay edirlər. Axı bu, verdiyiniz tərbiyənin nəticəsidir.

Bütün bunlardan çıxış edərək sevgi və hörmət üzərində qurulan ailələrdən uzaq olaraq deyirəm ki, gözəl və gənc xanımlar, ərə getməyin. Sizi ya əriniz, ya da qayınananız çürüdəcək. Bundansa təhsil alın, dünyanı dolaşın, dünyanın aparıcı şirkətlərində işə düzəlin, xarici dilləri öyrənin, peşəkar ixtisaslı kadr olun. Və bu dünyagörüşü, sizə ailə qurarkən doğru seçim etməkdə yardım edəcək. Siz ünsiyyətdə olduğun zaman həmin adamın manyak, psixi pozğunluğu olan biri olub-olmadığını anlayacaqsınız. Onun tiran biri olmasını, ziyanlı vərdişlərini təyin edə biləcəksiniz.

Yalnız psixi və fiziki vəziyyəti normal olan insanlar sağlam ailə qura bilərlər. Çünki bu insanlar öz ailə işlərinə qarışmağa heç kimə imkan verməyəcək. Özləri problemlərin öhdəsindən gələcək. Özləri müzakirə edəcəklər. Təbii ki, cəmiyyətdə sağlam ailələrin sayı çoxaldıqca, sağlam uşaqların da sayı çoxalacaq. Bəlkə cəmiyyətin “vəhşi qanunlarla” yaşayan hissəsi də assimilyasiyaya uğrayacaq.

Bir anlıq təsəvvürünüzə atanın odlu silahla uşaqların gözü qarşısında analarını qətlə yetirməsini gətirin. Gətirə bildinizmi? Onların alt-üst olan psixikasını anlaya bildinizmi? Onların gələcək həyatı barədə düşünə bildinizmi? Təəssüf ki, bu gün belə gəlinin belində “qırmızı lent” tələbi, toydan düz doqquz ay sonra uşağın dünyaya gəlməsi cəmiyyətimiz üçün ailə institutunun mahiyyətini əks etdirir. Qarşılıqlı sevgi və hörmət üzərində qurulan ailələrin çox olması arzusuyla.