Xaçmazda silsilə oğurluq edən dəstə saxlanıldı - FOTO/VİDEO

22:27 17-05-2019 2

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən, kafe və restoranlardan silsilə oğurluqlar edərək, zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran altı nəfərdən ibarət oğru dəstə  saxlanılıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri Mirbaba Ağayev, Zöhrab Şıxıyev, Zaur Mustafayev, Tərxan Məmmədov, Əmrah  Zülfüqarov və əvvəllər məhkum olunmuş Allahverdi Sadıxov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ondan çox evə, eləcə də gecə vaxtı bağlı olan kafe və restoranlara qanunsuz daxil olaraq, oradan pul, xalçalar, televizorlar, paltaryuyan və məişətdə istifadə olunan digər avadanlıqları oğurlayıblar.

Oğurladıqları qənimətləri Əmrah Zülfüqarova məxsus nəqliyyat vasitəsi ilə hadisə yerindən aparan dəstə üzvləri, həmin əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis  əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri  araşdırılır.

Tehran ORUCOĞLU