Dünyanın ən yaxşı futbolçusu Bakıda ad gününü qeyd etdi - VİDEO

18:18 09-09-2019 1500

"14 ilə yaxındır yığmadayam. İndiyədək yalnız iki və ya üç ad günümü yığmada qeyd etməmişəm".

HerGun.Az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.

Bu gün 34 yaşı tamam olan "Real"ın mərkəz yarımmüdafiəçisi ad gününü Bakıda Xorvatiya millisinin qaldığı hoteldə qeyd edib. Onun üçün məxsusi tort hazırlanıb.

O, qeyd edib ki, Azərbaycan millisi üzərində qələbə doğum günü üçün ən yaxşı hədiyyə olacaq: "Ad günüm oldu-olmadı, üç xal qazanmalıyıq. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik. Təbii ki, qalib gəlsək, bu, mənim üçün ən böyük hədiyyə olacaq".

Jurnalistlərin "Davor Şuker, Dario Srna və başqa bir neçə sabiq xorvat ulduz karyerasını 34 yaşında bitirib. Siz də buna hazırlaşırsınızmı" sualına Modriç belə cavab verib: "Yığmada oynamaqdan xoşum gəlir və bunu bacardığım qədər davam etdirəcəyəm. Dünya çempionatından sonra çoxları deyirdi ki, millidən getməyim üçün ən ideal vaxtdır. Amma mən bu cür hiss etmirdim".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq. Bu, Modriçin 124-cü matçı olacaq.

Xatırladaq ki, Luka Modriç Xorvatiya ilə dünya çempionatının gümüş medalını qazanıb. O, ötən il Rusiyada keçirilmiş mundialın Qızıl topunu qazanmaqla yanaşı, FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

Səbuhi Musayev