Xorvatları şoka saldığımız oyunlar - VİDEO

20:09 10-09-2019 21

Futbol millimiz dünən dörd oyunu Bakıda keçiriləcək Avro-2020-nin seçmə mərhələsi çərçivəsində dünya ikincisi Xorvatiya ilə Bakıda 1:1 oynadı. Keçmiş Yuqoslaviya təmsilçisindən Davor Şuker, Robert Prosineçki, Luka Modriç, İvan Rakitiç və İvan Perişiç kimi futbolçular çıxsa da, bu ölkə təmsilçiləri ilə çıxışlarımız o qədər də pis alınmayıb.

HerGun.Az həmin tarixə düşmüş matçlarımızı təqdim edir:

17.07.2007 "Xəzər Lənkəran" – "Dinamo" (Zaqreb) 1:1

"Xəzər Lənkəran" yeganə çempionluğundan sonra Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edir. Rəqibin heyətində hələ gənc olan, hazırda dünyanın ən yaxşı futbolçusu hesab edilən Luka Modriç çıxış edir. İlk görüşdə komandalar bir-birinin müqavimətini qıra bilmir. Hazırda millimizin hücumçusu olan Ağabala Ramazanovun böyük qardaşı Zaur Ramazanov 58-ci dəqiqədə hesabı açsa da, Xorvatiya nəhəngi tarazlıq qolunu vurur.

 
24.07.2007 "Dinamo" (Zaqreb) – "Xəzər Lənkəran" 1:1 (3:1)

Tərəflər Zaqrebin məşhur "Maksimir" stadionunda bir həftə sonra cavab qarşılaşmasında üz-üzə gəlirlər. Bu görüşdə hesabı xorvatlar açır. Lakin "Xəzər Lənkəran"ın braziliyalı futbolçusu Juninyo 30 metrdən cərimə zərbəsindən qol vurmaqla "Maksimir"ə toplaşmış tamaşaçıları bir anlıq sükuta qərq edir. Güclü "Dinamo" Azərbaycan çempionunun müqavimətini yalnız əlavə vaxtda qıra bilir.

25.10.2011 Xorvatiya U-17 – Azərbaycan U-17 1:2

Xorvatiyanın Rovin şəhərində 17 yaşadək futbolçulardan ibarət millilərin Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçirilir. Millimiz seçmə mərhələdə ilk görüşünə meydan sahibləri ilə start verir. Təbriz Həsənovun baş məşqçisi olduğu komandamız gözlənilənin əksi olaraq xorvatlara 2:1 hesabı ilə qalib gəlir. Qolları 33-cü dəqiqədə Ruslan Nəsirli və 52-ci dəqiqədə Orxan Əliyev vurur. Orxanın künc zərbəsindən birbaşa qapıya vurduğu qol həlledici olur. Hazırda "Yuventus"un futbolçusu olan Marko Pyatsa 69-cu dəqiqədə yalnız təsəlli qolunu vura bilir. Daha bir maraqlı məqam odur ki, səkkiz il əvvəl də yeniyetmə futbolçularımız dünən Xorvatiyanın qapısını qoruyan Dominik Livakoviçi məyus etmişdi.

13.08.2013 Xorvatiya U-19 – Azərbaycan U-19 1:1

19 yaşadək futbolçuların bu matçı yoxlama xarakterli idi. Amma nəzərə alaq ki, təlim-məşq toplanışı Xorvatiyada təşkil olunmuşdu. 1:1 başa çatan oyunda hesabı hazırda "Neftçi"də çıxış edən Namiq Ələsgərov açıb. Bundan sonra U-19 millimiz bir il sonra Avstriyadakı toplanışda xorvatları 1:0 məğlub edir. 2016-cı ilin sentyabrın 23-də isə Sloveniyakı yoxlama oyunda hesab 1:1 başa çatır. 

20.11.2014 Xorvatiya U-16 – Azərbaycan U-16 1:2 

Zaqrebdə keçirilən yoxlama oyununda iki gün əvvəl 16 yaşadək futbolçularımız bu rəqibinə 2:3 hesabı ilə uduzur. Lakin iki gün sonra komandamız xorvatlardan revanşı ala bilir. Komandamız elə 1-ci dəqiqədə Fərid Nəbiyevlə hesabı açır. Hazırda U-21 millimizin üzvü olan, Çexiyanın "Slavia" klubunun hücumçusu olan Nəbiyevin ikinci qolu isə daha möhtəşəm alınır. Fərid cərimə zərbəsindən mükəmməl qol vuraraq dublunu rəsmiləşdirir.

03.09.2015 Azərbaycan – Xorvatiya 0:0

Bir il əvvəl millimiz Xorvatiyanın Osiyek şəhərində faciə ilə üzləşmişdi. Belə ki, ilk dəfə əsas milli çərçivəsində qarşılaşdığımız xorvatlar Berti Foqtsun başçılıq etdiyi qorxaq yığmanı 6:0 hesabı ilə darmadağına məruz qoymuşdu. Bundan sonra alman məşqçi uzun müddətdən sonra istefa ərizəsini yazmağa vadar edilmişdi. Budəfəki matçda isə komandamızı Xorvatiyaya qarşı elə xorvat məşqçi – Robert Prosineçki çıxarırdı. Luka Modriçli, İvan Rakitiçli Xorvatiya yığmasının "Bakcell Arena"da qalib gələcəyi deyilirdi. Lakin sən saydığını say, gör fələk nə sayır. Kamran Ağayevin qurtarışları, müdafiə xəttimizin sayıqlığı sonda xorvatların Bakıdan qol vurmadan ayrılması ilə nəticələndi. Bu heç-heçə xorvatların planına daxil deyildi. Komanda qrupda gerilədi və Avropa çempionatına çıxmaq şanslarını çətinləşdirdi. Bu nəticədən sonra hazırda Münxen "Bayern"ini çalışdıran Niko Kovaç istefa verməli oldu.

Səbuhi Musayev