Çin səfərinə hazırlaşan Nadir Qafarzadə həyat yoldaşını niyə özü ilə aparmır? - AÇIQLAMA

21:45 10-09-2019 573

Müğənni Nadir Qafarzadə Çinə gedir.

Bu barədə o özü HerGun.Az-ın əməkdaşı ilə söhbətində məlumat verib.

N.Qafarzadə bildirib ki, o, səyahəti, xüsusən, ekzotik ölkələri sevdiyindən musiqiçi həmkarları ilə birlikdə Çinə üz tutacaq.

"Səyahət etməyi çox sevirəm. Bütün Avropanı gəzmişəm. Afrikanı və Hindistanı da gördüm. Ekzotik ölkələrə getmək, oranın koloriti, mədəniyyəti və insanları diqqətimi çəkir. Mənim üçün Avropaya gedib gözəl hoteldə qalmaqdansa, Afrikanın, Hindistanın, Çinin narahat yerləri daha maraqlı gəlir və elə yerləri gəzib dolaşmaqdan zövq alıram. Özüm üçün çox maraqlıdır ki, oranın vətəndaşları necə və hansı şəraitdə yaşayır, çətinliyə düşəndə necə addım atırlar. Çünki həyatdır, heç kim heç nədən sığortalanmayıb. Birdən mən çətinliyə düşsəm, özümü onların mühitinə adaptasiya edirəm ki, mən də onlar kimi həmin addımı atım. Bir sözlə, ekzotik ölkələri və ekzotik şəraiti çox xoşlayıram. Elə məhz buna görə də bu dəfə üz tutacağım ölkə Çindir", - deyə müğənni deyib.

"Uçmağı sevmirəm. 12 saat uçmaq isə mənim üçün fəlakətdir" söyləyən sənətçi bildirib ki, həyat yoldaşı Sevinc xanım onunla səfərə getməkdən imtina edib: "Çinə həmkarlarımla, musiqiçi dostlarımla gedirəm. Ailə ilə səyahət etməyi şəxsən mən çox sevirəm. Bu dəfə isə yoldaşım Sevinc xanım mənimlə səfərə çıxmaqdan imtina etdi. Səbəb isə onun da mənim kimi uçmaq həvəsinin olmamasıdır. Həyat yoldaşım 12 saat uçacağını bilən kimi yox dedi. Bizim Amerikaya birlikdə belə səfərimiz var idi. Ondan da imtina etdi. Elə bu səbəbdən də mən onsuz səyahət etməyə məcbur oluram. Çünki, düşünürəm ki, bir daha dünyaya gəlməyəcəyəm. Yəni bir daha Çinə getmək şansım olmaya bilər (gülür). O səbəbdən qərar verdim ki, nəyin bahasına olursa, olsun gedib Çinə çıxacağam”.

Qeyd edək ki, bir müddət bundan öncə Nadir Qafarzadə Hindistana səfər etmiş, orada rast gəldiyi ən maraqlı məqamları lentə alaraq, şəxsi “İnstagram” hesabında izləyiciləri ilə paylaşmışdı.

Rəşad Əliyev