Deputat: Dövlət büdcəsində maaş, pensiya artımları üçün daha çox vəsait ayrılacaq

09:27 12-09-2019 539

Azərbaycanda büdcənin tərtibatı prosesində gəlir və xərclər ölkənin iqtisadi artım templərindən kəskin şəkildə fərqlənir. Ona görə ki, büdcənin xeyli hissəsi - bir qayda olaraq yarıya qədəri Dövlət Neft Fondundan ayırmalar hesabına formalaşır.

Bunu HerGun.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

“Bu şəkildə formalaşan büdcəni kənardan proqnozlaşdırmaq, 2020-ci ilin büdcənin gəlir və xərcləri, eləcə də, əsas maddələr üzrə xərcləmələrin səviyyəsinin necə olacağını proqnozlaşdırmaq mümkünsüzdür”, - deyə Ə.Məsimli əlavə edib.

Deputat xatırladıb ki, 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paket 4,2 milyon əhalini əhatə edir.

Ə.Məsimli sosial layihələrin 2020-ci ildə də davam edəcəyini bildirib.

“Onun maliyyə tutumunun xeyli hissəsi dövlət büdcəsinin üzərindədir. 2020-ci ildə 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial paketin reallaşdırılmasına, artan əməkhaqqı, pensiya, müavinət və digər ödənişlərin maliyyələşdirilməsinə cari ildəkindən daha çox büdcə vəsaiti ayrılacaq”.

Komitə üzvünün fikrincə, bu məntiqlə 2020-ci ildə büdcədən sosial proseslərin tənzimlənməsinə yönəldilən hissə artacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən, İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzunmüddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb.

Aqşin Kərimov