Qadın voleybol millimiz yeni baş məşqçinin rəhbərliyi altında məşqlərə başladı

12:40 25-12-2019 413

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. 

HerGun.Az xəbər verir ki, yığmamız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa Azərbaycan Voleybol Mərkəzində başlayıb.

Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Voleybolçularımız sonra Türkiyə və Polşada təlim-məşq toplanışında olacaq. Komandamız hazırlığın gedişində bir neçə yoxlama matçında qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Niderlandın Apeldoorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığmamız sonuncu matçda Polşa ilə üz-üzə gələcək.

Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.