Seyid Malik

Poeziya 2024

15:54 22-03-2024 280

 

  Seyid Malik 1987-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Laçın rayonu işğal ediləndən sonra, 1992-ildə ailəsi ilə birlikdə Biləsuvar rayonunda məskunlaşıb. Seyid Malik iyirmi ildən artıqdır dövri mətbuatda çıxış edir. “Qarabağın qara günü” və “Sevə bilsəm ayrılığı” adlı iki şeir kitabının  müəllifidir.

 

Könül dustağıyam

 Könül dustağıyam, könül dustağı,
Qəm əmən qələmdən sevinc damarmı?!
Dağlar da görməsin mən görən dağı,
Dinib danışmağın ta yeri varmı?!

 Yağışdan çıxmamış yağmura düşdüm,
Soruşma bu çəndə nə axtarıram.
Özüm də bilmirəm nə tora düşdüm,
Bilmirəm dünəndə nə axtarıram.

 Bilmirəm çağırsam eşidər məni,
Geri qayıdarmı gözdən itənim?!
Doğrumu qayıdıb gəzmək dünəni,
Başıma havamı gəlibdi mənim?!

 Bilmirəm bu dərddən can qurtararmı,
Ya sarıb gövdəmi sarmaşıq kimi?!
Bilmirəm bu təhər yaşamaq armı?!
Çalxannam boş qabda boş qaşıq kimi.

 Könül dustağıyam, könül dustağı,
Qəm əmən qələmdən sevinc damarmı?!
Dağlar da götürməz bir belə dağı,
Dinib danışmağın ta yeri varmı?!

 

***

Göyçək gözlərinə bulud çökməsin,
Pərişan olmasın qara tellərin.
Örpəyin altında elə dəstələ,
Düşsün gül üzünə sıra tellərin.

Qaymaq dodaqların tər gül ləçəyi,
Tumurcuq içində bükülü qalıb.
Bənövşə topası, nərgiz çiçəyi,
Gözümdə gözünün şəkili qalıb.

Bağçan bəhərlənib bar yiyəsisən,
Gəl mən tamarzını murada yetir.
Mən yoxsul, sən isə var yiyəsisən,
Məni gül bağına qoruqçu götür.

 

***

Əhd bağlayıb, ilqar verib Yaradana,
Yola düşdüm, qonaq gəldim bu cahana.
Unutmuşdum, yada saldım handan-hana,
Söz tutmağı bacarmadım, nə deyəcəm?!

Libas deyə geydim axır hər dəbini,
Vurammadım başa həyat məktəbini.
Bu uymağın, uyuşmağın səbəbini
Mən nəfsimə heç sormadım, nə deyəcəm?!

 Niyə bir də verilməyir öm(ü)r ucuzsa,
Məğlub olur bircə dəfə kim uduzsa.
Səsim batar, səsim çıxmaz yolum sussa,
Mən yollara yol yormadım, nə deyəcəm?!

 Çox acizəm ovutmağa dərdi bu dəm,
Qayğı məndən ucadadı elə müdəm.
Mən gələndə söz vermişdim söz üyüdəm,
Söz yolunda daş yarmadım, nə deyəcəm?!

 Hər günahdan bir iz qaldı ötən gündə,
Mayasına haram qatdım, getdi kündə.
Veriləni hər nə vardı xərclədim də,
Aldığımı qaytarmadım, nə deyəcəm?!