Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu

23:00 25-02-2020 376

Səhər saatlarından başlayaraq əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi, Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.  

Bu barədə HerGun.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.  

Onun sözlərinə görə, hazırda “Azərişıq” ASC-nin əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər görürlər:  

“Əsən güclü külək “Aran” Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən də Ağdam rayonunda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəza baş verən ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib. Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez bir zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək”.