BMT: COVID-19 bu ölkələrdə 3-6 aya qədər pik həddə çatacaq

11:00 07-05-2020 24

Birləşmiş Millətlər Təşkilatı (BMT) koronavirusa qarşı mübarizə məqsədilə mart ayında Baş katib Antonio Quterresin açıqladığı 2 milyard dollarlıq qlobal yardım planını genişləndirib.

COVID-19-un ən yoxsul ölkələrdə üç-altı aya qədər pik həddə çatacağının gözlənildiyi açıqlanıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

BMT Baş katibinin İnsan Məsələləri üzrə müavini Mark Loukok koronavirusun üç aydan altı aya qədər yoxsul ölkələrdə ən yüksək nöqtəyə çatacağını təxmin etdiklərini bildirib.

Onun sözlərinə görə, bu ölkələrdə ən böyük qeyri-sabitlik hiss olunacaq.

Yoxsul ölkələrdə ən qısa müddətdə müvafiq tədbirlər görülməsə, epidemiyanın münaqişələrə, böyük sayda ölüm hallarına və qıtlığa səbəb olacağını deyən Loukok epidemiyanın həssas və zəif ölkələrdə yayılmasının qarşısını almaq üçün 6,7 milyard dollara ehtiyac olduğunu vurğulayıb.

Epidemiyaya qarşı mübarizə dövründə BMT-nin yardım proqramlarına doqquz yeni ölkənin əlavə edildiyi bildirilir.