HİDAYƏT YOLUNUN NURU

14:38 23-08-2020 1009

 

Bismillahir,Rəhmanir, Rəhim

 

Vuidadi Hidayət

 

HİDAYƏT YOLUNUN NURU

 

    Günəş işığı gecənin qaranlığını yararaq yaşadığımız məkanı, ərazini işıqlandırır.Bununla səhər açılır, yatan insanlar oyanır,gündəlik həyat davam edir.Allahın (c.c) bizə nəsib etdiyi iki göz olsa belə, spekterdə yeddi rəngə ayrılan  ağ işıq adlandırılan günəş işığı,qaranlıq otaqda yandırılan elektrik lampalarının işığı olmasa ətraf bizim üçün zülmət qaranlıq olardı.

    Ağ işığı və bizə iki göz  yaradıb bəxş edən Allahımıza (c.c) həmd olsun!Müəllim dərs otağına, cərrah cərrah otağına, əkinçi əkin sahəsinə daxil olarkən, dükan-bazarda hərəkətdə olan insanlar yatılı olmurlar.Ətrafdakı hər şeyi görərək oyaq olurlar.Bəs nə üçün həzrəti imam Əli (ə) yaşadığı dövrdə  ətrafdakı işləyən, gəzən, oturan, baxan insanlar üçün söyləyirdi:-“Bu insanlar, yatıblar, ölən kimi ayılacaqlar.”İmam boş-boşuna söz deməzdi. Deməli, bizim önəm vermədiyimiz və bilmədiyimiz  ancaq, bizim üçün vacib olan başqa məsələ vardır.Əgər həzrəti imam Əli (ə) ətrafdakı insanları oyaq yox , yatmış kimi görə bilirdisə deməli, iki cür yatmaq, iki cür də oyaqlıq var. Biri bizim insanların bildiyi və yaşadığı yatmaq və oyanmaq. Bəs ikincisi hansıdır? Bu sualı aydınlaşdırmağa çalışaq.

   Digər canlılardan fərqli olaraq insan maddi aləmdə mövcud olduğu kimi haqq olan mənəvi aləmdə də mövcud olması vacibdir.Bəs mənəvi aləm nədir? Haqq olan mənəvi aləm nədir? Hər bir insan nəfsi istəkləri və ruhunun tələbinə uyğun fikir və düşüncəyə  malik olaraq öz daxili aləmini, yəni mənəviyyatını formalaşdırır. Bu gün dünyadakı insanların  sayı qədər fərqli mənəviyyat vardır.

   Ancaq, Yaradanımız bəşər övladı üçün  vacib olan mənəvi aləmdə tək bircə yol müəyyən edib ki, o yolun başlanğıcı zəlalətdən qurtuluş olub, sonu kamala, ilahi mərifətə, haqq olan mənəviyyata çatdıran siratəl müstəqim, hidayət və nəfsi paklanma yolu adlanır. Otaqda çarpayısında yatan insan maddi aləmdən təcrid olunmuşdur. O, şəxs yatmış adlanır. Yatmaq sözü hər birimizə aydın olduğu üçün imam həzrəti Əli (ə) siratəl müstəqimdə  hidayət yolunda olmayan insanları  sanki  yatmış kimi dəyərləndirirdi. “Ölən kimi ayılacaqlar” fikri isə “Quran”ın Qarşılıqlı aldanma (ət-Təğabüt surəsi)  surəsinə uyğundur: Belə ki, insan ölən kimi bəsirət gözünün  önündən bütün pərdələr  qalxar və o, şəxs “ayılar”.(Hər şeyin həqiqətini görər)  

   Allah (c.c) “Quran”da buyurur: “Mənim yanımda bəndələrimin qiyməti malı dövləti ilə ölçülmür. Mənə gələn yolda olması və təqvası ilə ölçülür. (Başqa sözlə mənəviyyatının dəyəri ilə)” Hər bir kəsin qiyməti onun düşüncələrinin mənəvi  aləmdə haqq olan yolun həqiqətlərinə nəzərən dəyərləndirilir. (Əlbəttə Allah (c.c) yanında). “Quran”da   başqa bir ayədə Allah (c.c) buyurur: “Hər kəs öz nəfsinin paklanmasının girovundadır.” Sanki bizi gözləyən şiddətli əzabın girovundan azad olmağımız üçün tək yeganə yol nəfsimizi paklamaqdır.Bəs bu gün nə üçün dünyada əldə etdiyimiz hər bir şeyin sonunda Yaradanın bizə verəcəyi qiymət nədən asılı olduğunu bilə-bilə bu məsələyə önəm vermirik? Bir daha açıq söyləmək istəyirəm ki, hər birimizin Allah (c.c) yanında qiyməti nəfsimizin paklanma dərəcəsindən asılı olaraq Allaha (c.c) yaxınlaşmağımızla ölçülür.İnsan nəfsi nə qədər paklanarsa bir o qədər Allaha (c.c) yaxınlaşır. İnsan Allaha (c.c)  cismani yaxınlaşa bilməz.(çünki, Allah (c.c) laməkandır). Bəs yaxınlaşma necə olur?İnsan ruhu ona diriikən tədricən Allaha (c.c) yaxınlaşaraq qovuşmuş olarsa o insan Allaha (c.c) yaxınlaşmış  hesab olunur. O, insanın mənəviyyatı isə ən üstün haqq olan mənəviyyatdır. Qaranlıq, zülmət bir meşədə lazım olan məntəqəyə yetişmək üçün fənər işığı lazım olduğu kimi Allaha (c.c) gedən mənəvi yolu, hidayət yolunu nurlandırıb aydınlaşdırmaq üçün  bir işıq (nur) lazımdır.O işığın adı hikmətdir.Hikmət Allah (c.c) tərəfindən insanlara verilən elə bir nemətdir ki, onun təsirindən “Quran” ayələri düzgün mənalandırılır və insan “Quran” elminə , öyüdünə sahib olaraq hidayət yolunun sonuna çata bilir.  

   Allah (c.c) “Quran”da buyurur: “Kimə hikmət verilmişsə ona daha nə verilməmişdir?” Həzrəti   İsa (ə) : “Həqiqətən hikmət hər bir qəlbin işığıdır.” Hətta həzrəti İsa (ə) papirus kağızı üzərinə belə bir yazı  yazmışdır: “Hikmət mömünün itkisidir, onu mütləq tapmalıdır.”

   İnsan hikmət əldə etməsə dərk edə bilməz. Dərk etməsə Allaha (c.c) yaxınlaşa bilməz. Həzrəti  imam Əli (ə)dən belə bir hədis var: “Dərk etmədiyini tərk etmə.” Hikmət əldə etməyə mane olanlar: Məhəmməd (s.ə.s): “Mədə boş olan vaxt qəlb hikməti qəbul edər,mədə dolu olanda  qəlb hikməti çölə atar.” (qəbul etməz)

   Həzrəti imam Əli (ə) Əli (ə): “Şəhvətlə hikmət bir yerə sığmaz.” Maddi aləmdə işıq düşdükdən sonra göz vasitəsi ilə görə bilirik. Ətrafdakı hər şey haqqında bizdə təsəvvür yaranır.(İnsanın bu halı oyaqlıqdır). Mənəvi aləmdə isə milyardlarla yollar, təriqətlər , istiqamətlər vardır. Bu yollardan yalnız biri bizi Allaha (c.c)  yaxınlaşdırır. (Haqq olan mənəviyyat). Bu yolun adı siratəl müstəqim, başqa sözlə hidayət yolu adlanır.İnsan beyni tam formalaşıb ağlı söz kəsəndən cismani gözlə gördüyündən, oxuduğundan əldə etdiyi ağlın hesabına mənəviyyat aləmində bir yol tutur (mövcud ola bilən milyard yollardan birini). Məhz bu səbəbdəndir ki, hər kəs öz daxili aləminə nəzər edib fikirləşəndə dünyada özünə uyğun ikinci insanın olmadığını görür. Bu yolların yalnız biri Allahın (c.c)  təyin etdiyi düz yol, qalanları isə sonu zülmətə aparan batil yollardır.(sonda insanı cəhənnəmə aparan yollar).

  “Quran”da Alah-Təala buyurur: “Ya  peyğəmbər. Biz düz yolda olmayanların da qəlbini elə toxdaq edirik ki, onlar da elə bilərlər ki, düzdürlər və düz yoldadırlar. ” Məhz bu səbəbdəndir ki, əksər insanlar maddi aləmdə, nemətlər içərisində özünə lazım olan əsas hədəfi unudub, aldanaraq firəvan, əyləncələrlə yaşamağa üstünlük verirlər. Məqsəd isə Allahdan (c.c) hikmətlər diləyib Allaha (c.c) gedən yolunu “işıqlandırıb”, “aydınlaşdırıb”özünü Yaradanına  çatdırmaqdır.  

  “İlahi mənə hikmət bəxş et  və məni salehlərə çatdır.” ”Quran” (Şüarə , ayə-83.)

   Dəyərli yazar Tahir Hüseyn bu məsələyə uyğun gözəl fikir söyləmişdir:

 “İnsanları oyatmırsa hikmətlər,

  İnsanları aldadacaq  nemətlər.” 

   Əksər vaxt insanlar maddi nemətlərə aldanıb hikmət nurun əldə etmədiyi üçün imam həzrəti Əli (ə) ətrafdakı insanlara yatmış olduqlarını söyləyirdi.Aydınlaşır ki, maddi aləmdə günəş işığı , elektrik lampasının işığı ətrafımızı işıqlandıraraq bizi kor vəziyyətindən, yatılı vəziyyətindən çıxarır və biz oyaq sayılırıq. Mənəvi aləmdə isə Allahdan (c.c) gələn hikmət nurunu əldə edərək hidayət yolumuzu işıqlandırıb, kamillik zirvəsinə, yolun sonuna çatıb, Yaradanımızı həm “görür”, həm “tanıyır”, həm təslim olur, həm də əsil müsəlman oluruq. Bundan sonra biz həyatda həm oyaq, həm də ayıq sayılırıq. Bu gün millətindən, dini mənsubiyyətindən asılı olmayaraq Yer kürrəsində yaşayan milyardlarla insanların daxilində yer alan  mənəviyyatlar fərqli olduğundan və bir də onların mənəviyyatı haqq olan mənəviyyatdan  getdikcə uzaqlaşması səbəbindən insanlığın itməsinə gətirib çıxarır. Bu səbəbdən dünyamızın düzəlməsini istəyiriksə hər kəs özünü düzəldib, yəni haqq olan mənəviyyata  malik olmalıdır. İnsanın daxili aləmində ən dəyərli  varlıq ruh olduğundan, nəfsi önə gətirib onu qəflətə salmamalıdır. Hər kəs öz ruhunu oyadıb, hikmət nuru ilə işıqlandırıb ruhun əzəli Zatı olan Allaha(c.c) çatdırıb, bütövləşməli və haqq olan mənəviyyata  sahib olmalıdır. Allahın (c.c) vacib buyurduğu və bizi əbədi səadətə  çatdıran bu məqama yetişməyin yolunu mənəvi ustadlardan, əxlaq alimlərindən öyrənmək lazımdır.

   Bütün insanların daxili aləmi, mənəviyyatı özü üçün qaranlıq, yəni bilgisiz ancaq, Allah (c.c) üçün aydın və aşkardır.Bəla ondadır ki, insan bu dünyadan köçəndən sonra  hər kəsin həyatda tutduğu yol özünə aydın olacaqdır. Ancaq bir yol var ki, insan diriikən, həyatda ikən niyyəti düz olsa qəlbini Allaha (c.c) döndərsə, yalnız hikmət vasitəsi ilə hidayət yolunun sonuna çatıb, yəqin əhli olub, bütün mənəviyyatı özünə qaranlıq yox, işıqlı, aydın görsənər. Məhz bu səbəbdən  hikməti mənəvi  aləmin tək düz olan hidayət yolunun nuru, işığı kimi  göstərmişəm. Ancaq, bu işıq maddi aləmdəki işq kimi deyildir.

    Aydın olur ki, milyardlarla insanların qəlbində, əqidəsində yer alan mənəvi yolların hamısı qaranlıq, yalnız biri Allaha (c.c) yönəlmiş, hidayətdə olan qəlb hikmət nuru ilə işıqlanaraq hidayətin  sonunda əbədi nuraniyyətə çataraq aydın, işıqlı, Alahın (c.c)  vacib  bildiyi haqq olan  mənəviyyata  çatmış olur.