Delaver Universitetinin professoru Aleksandr Səlimov: “Birlik nümayiş etdiririk”

15:00 19-10-2020 404

Azərbaycanın işğal altındakı rayonlarının cəbhə xəttində qurtuluş müharibəsinə çevrilən əks-hücum əməliyyatı dünyanın bir çox ölkələrində həm Azərbaycan, həm də erməni diasporlarının fəallığına səbəb olub. Erməni icmasının ABŞ-da Konqresdən Türkiyə və Azərbaycana qarşı sanksiya tətbiq etməsi tələbi ilə keçirdiyi aksiyalar da istisna olmadı. Eyni zamanda onlaın səsləndirdikləri şüarları sülhməramlıqdan uzaqdır: “DQR”i tanıyın”, “Qələbə qazanacağıq”, “Sonuna qədər mübarizə” və s. Bu arada heç kimə hücum etməyən Azərbaycana və ona yalnız mənəvi dəstək verən Türkiyəyə qarşı sanksiyalar mövzusu da qaranlıq qalıb.

ABŞ-da Azərbaycan diasporu da öz növbəsində ABŞ qanunverici orqanlarındakı təmsilçilərinə Cənubi Qafqaz bölgəsindəki vəziyyəti izah edən məktublar göndərərək həssas siyasi işlərlə məşğuldur.

Bu barədə məşhur şair, yazıçı və ədəbiyyatşünas, filologiya elmləri doktoru, ABŞ-ın Delaver Universitetinin professoru, Viktoriya Urbano fəxri mükafatının sahibi, LiFFt ədəbi festivalının laureatı (gümüş medal) Aleksandr Səlimov Media.Az-a açıqlama verib.

- İcazə verin, bir neçə gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin verdiyi xəbərdarlıqla başlayım. Bu, yalnız Azərbaycana aid deyil. Bir fraqmentdən sitat gətirəcəyəm:

“Son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspora təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”.

- Xoşbəxtlikdən hələ təhlükəni hiss etmirik, amma xəbərdarlığı nəzərə aldıq.

- Hərbi əməliyyatların başlamasından və Azərbaycanın aşkar hərbi qələbələrindən sonra müxtəlif ölkələrdəki erməni diasporları genişmiqyaslı aksiyalar keçirirlər: Pul toplanır, Avropada yollar bağlanır. Bəs, sizin fikrinizcə, ABŞ-dakı Azərbaycan diasporu nə qədər aktivdir.

- Düşünürəm ki, ABŞ-da azərbaycanlıların ermənilərdən xeyli az olmasına baxmayaraq, diasporumuz savadlı və düşünülmüş siyasət aparır. Ancaq bir formalaşma və güclənmə də var, birlik nümayiş etdiririk. Azərbaycanın səfiri Elin Süleymanovun da qatıldığı mədəni tədbirlər keçirilir.

Azərbaycan diasporu çox narahatdır və Azərbaycanın dinc şəhərlərinin Ermənistan tərəfindən atəşə tutulmasını ağrı ilə qəbul edir. Əlbəttə ki, ABŞ-dakı erməni diasporunun vəsaiti daha çoxdur və say baxımından da dediyim kimi daha çoxdurlar. Təkcə onu demək kifayətdir ki, Kaliforniya ştatında Ermənistanın özündə olduğu qədər erməni yaşayır.

Ancaq bu əsas deyil. Ən əsası işdir. Mən Rusiyada anadan olmuşam, amma Azərbaycana dostam, Azərbaycan diasporuna həmdərdəm və dəstək verirəm. Konqresdə, Senatda ştatlarımızın seçilmiş nümayəndələrinə müraciətlər göndəririk. BMT qətnamələri də daxil olmaqla beynəlxalq hüquqa diqqət etməyə çağırırıq. Siyasi nəticələrini verən ölçülü-planlı iş aparırıq, bunu cavab reaksiyasından da görürük.

- Tezliklə ABŞ-da prezident seçkiləri keçiriləcək. Bunun ölkə üçün əsas mövzu olduğu aydındır. Cənubi Qafqazdakı hadisələri mediada işıqlandırmaq üçün hələ də yer varmı?

- Daxili problemlər təbii ki, hər şeyi kölgədə qoyur. Çoxu hətta müharibə haqqında məlumatsızdır. Bəli, bəzi televiziya kanalları qısa məlumat verir. Kaliforniyadakı erməni icmasının çıxışları barədə də xəbər var idi. Ancaq Qarabağ münaqişəsi ABŞ-ın informasiya sahəsində hər gün mövcud deyil. Azərbaycan, Ermənistan, Qarabağ amerikalılar üçün çox uzaq bir məsələdir.

- Siz incəsənət adamısınız, siyasətçi deyilsiniz. Ancaq yenə də ABŞ-dakı prezident seçkilərinin nəticələri haqqında nə düşünürsünüz? Respublikaçılar (yəni Donald Tramp) və ya Demokratlar (Co Bayden) qalib gəlsə, ABŞ siyasəti necə olacaq?

- Mən belə deyim: Respublikaçılar sosial, daxili, ilk növbədə iqtisadi problemlərin həllinə yönəliblər. Demokratlar ənənəvi olaraq bütün dünyada “demokratiyanın təbliğinə” hədəfləniblər. Yaxın Şərq və Şimali Afrika xalqları üçün saysız-hesabsız bəlalar gətirən “Ərəb Baharı” məhz demokratların dövründə baş verdi. Nəticəni özünüz çıxarın.