UEFA-nın Nurlan İbrahimova verdiyi cəza ədalətlidirmi? – ARAŞDIRMA

19:20 27-11-2020 406

Zaur Xudiyev yazır…

“Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun yazdığı status səbəbindən UEFA tərəfindən ağır cəzalandırılırması müzakirələrə səbəb olub.

Qısa arayış kimi bildirim ki, qitənin ali futbol qurumunun Nizam-intizam Komitəsinin qərarına əsasən Nurlan İbrahimov ömürlük futbol fəaliyyətindən məhrum edilib, “Qarabağ” futbol klubu isə 100 min avro məbləğində cərimələnib.

Əsas müzakirə mövzusu isə qərarın nə dərəcə ədalətli olmasıdır.

UEFA qərar verərkən qurumun Nəzarət, Etik və İntizam Qaydalarının (Control Ethics and Disciplinary Body - CEDB) üç maddəsinə istinad edib.

Hansılardır o maddələr?

11.1 - UEFA-nın üzvü olan qurumların rəsmiləri, işçiləri, UEFA-nın vəzifələndirdiyi şəxslər, UEFA bayrağı altında yarışlarda iştirak edən hər kəs qurumun qanunlarına və intizam kodekslərinə uymalıdır

11.2 (b) - Özündə təhqir ehtiva edən və digər uyğun olmayan davranışlar

14.1 - Bir insanın rəngi, irqi, dini, cinsi orientasiyası və digər səbəblərə görə təhqir edən şəxs ən az 10 oyunluq futbol fəaliyyətindən uzaqlaşdırılır və ya başqa cəza tədbirləri görülür.

Başqa cəza tədbirləri isə CEDB-in 6-cı maddəsində bu şəkildə qeyd olunub: 14-cü maddənin birinci bəndini pozan fiziki şəxs olduqda ona xəbərdarlıq, qınama, pul cəzası ya da müsabiqələrdən uzaqlaşdırma kimi 8 fərqli cəza növü tətbiq oluna bilər.

Göründüyü kimi, UEFA mümkün cəzaların arasında ən ağırını seçib və tətbiq edib.

Əvvəlcə sözügedən statusa nəzər salaq...

İbrahimov yazdığı statusda irqçiliyə yol veribmi? Bəli. Onun yazdıqları bu ruhdadır. Müəllif də daha sonra bunun yanlış olduğunu qəbul edib, sözügedən fikirlərin yüksək emosiya və psixoloji affekt halında yazıldığını bildirərək statusu silib və idman ictimaiyyətindən üzr istəyib. Üstəlik onun rəsmisi olduğu klub bu hərəkətinə görə Nurlan İbrahimov haqqında intizam işi başladıb, işçi buna görə daxili nizamnamə gərəyincə cəzalandırılıb.

Qayıdaq yenidən UEFA-nın verdiyi qərara...

Qərar qəbul edilərkən ittiham olunan şəxsin adının ilk dəfə bu zəmində insidentdə hallandığı, bu kimi çağırışları sistematik şəkildə etmədiyi, səmimi peşmanlığı, sonradan yazdığı fikirləri silməsi və klubun artıq onun haqqında intizam tədbiri görməsi nədənsə gözardı edilib.

Əgər bütün bu sadalanan yumşaldıcı hallar nəzərə alınmış olsaydı, cəzanın bu qədər ağır və ən yüksək həddə olmayacağını düşünmək olardı. Görünür erməni lobbisinin və ictimai təzyiqin gücü UEFA kimi ali orqanın da qərar verərkən soyuqqanlı davranması reallığına təsir edib.

Gəlin, bir neçə tam olmasa da, nisbətən oxşar situasiyalara nəzər salaq və görək UEFA daha əvvəl baş vermiş irqçilik və idmana aid olmayan insidentlər zamanı hansı qərarları verib?

Azarkeşlər tərəfindən bu kimi hallar dəfələrlə müşahidə edilib və bunun qarşılığı olaraq klublara və milli federasiyalara müxtəlif miqdarda pul cərimələri, bir və ya bir neçə matçı azarkeşsiz keçirmək və s. cəzalar tətbiq olunub.

Oyunçu, klub rəsmisi, hakim və digər fiziki şəxslər üçün isə cəza tədbirləri ifərqli olub.

Bununla bağlı bir neçə misala nəzər yetirək.

İngiltərə Çempionşip komandası “Lids Yunayted”in ispan qapıçısı Kiko Kasilya “Çarlton”la qarşılaşmada rəqibin Konqo əsilli ingilis futbolçusu Conatan Lekoya qarşı irqçi ifadələr işlətdiyi üçün 8 oyunluq uzaqlaşdırma və 60 min sterlinq pul cəzası verilmişdi.

Çexiya çempionatında keçirilən “Sparta Praqa” – “Viktoriya Jijkov” matçında birincilərin futbolçusu Pavel Hovart “faşist salamı” vermiş, bundan sonra isə ona 10 min dollar pul cəzası kəsilmişdi.

Beynəlxalq matçlarda da irqçilik nümunələrinə rast gəlinib. Onlardan biri Honq-Konq - Bəhreyn matçında yaşanıb. Bəhreynin futbolçusu Saed Baqer soyunub-geyinmə otağına gedərkən ev sahibi komandanın azarkeşlərin “qıyıq göz” işarəsi etdiyi üçün FİFA tərəfindən 10 oyun futboldan uzaqlaşdırılmış və 30 min İsveçrə frankı məbləğində cərimələnmişdi.

Çin Super Liqasında “Şanxay Şenhua” forması geyinərkən “Şanşunq Yatay”la matçda rəqib futbolçu Janq Li tərəfindən irqçi təcavüzə məruz qalan Demba Ba bununla bağlı şikayət etmiş, Janq Li Çin Futbol Federasiyası tərəfindən 6 oyunluq cəzalandırılmış və 42 min yuan pul cəriməsinə məruz qalmışdı.

Bu kimi misalları çox çəkmək olar. Amma hər nümunədə görünür ki, cəzaların heç biri ömürlük futboldan uzaqlaşdırılma kimi həddən artıq ağır deyil və irqçilik edən şəxsə görə individual olaraq nəzərə alınıb.

Bəs kimlər haqqında futboldan ömürlük uzaqlaşdırma qərarı verilib?

Futbol tarixində bu cür ağır qərarlar da var. Gəlin, bir neçəsinə nəzər salaq.

2019-cu ildə FİFA oyun alqı-satqısı ilə bağlı bir araşdırmasını yekunlaşdırmış və içərisində bir zamanlar Azərbaycanda da oynamış (hazırda fəaliyyət göstərməyən “Bakı” klubunda) İbrahim Karqbonun da olduğu bir neçə futbolçu, menecer və klub rəsmisinin ömür boyu futbol fəaliyyətinə qadağa qoymuşdu.

FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü, Qətər Futbol Federasiyası və Asiya Futbol Konfederasiyasının keçmiş prezidenti Muhammed Bin Hammam FİFA prezident seçkiləri zamanı rüşvətlə səs toplamaqda ittiham olunmuş, günahı sübuta yetirildikdən sonra isə ömürlük futboldan uzaqlaşdırılmışdı.

Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Xose Mariya Marin də rüşvət qalmaqalı səbəbindən futboldan ömürlük uzaqlaşdırma alanlardandır.

Bundan başqa, Haiti və Əfqanıstan futbol federasiyaları rəhbərləri qadın futbolçulara cinsi təcavüz və qısnama iddiaları ilə FİFA-nın qərarı ilə futboldan ömürlük uzaqlaşdırılanlardandır.

Göründüyü kimi, irqçilik və ya ona bərabər tutulan nifrət nitqi ilə əlaqədar dünya praktikasında futboldan ömürlük məhrumetmə cəzası olmadığı halda Nurlan İbrahimova verilən cəzanın bu şəkildə elan edilməsi fövqəladə hadisədir və qərara mütləq yenidən baxılmalıdır.

Qərar verən şəxslər bir şeyi də unutmamalıdırlar ki, insanların ruhu, emosiyası, hissləri var və detallardan ibarət robot deyillər. Futbol üzrə və ya başqa sahədə çalışan hər insan emosional davrana, hisslərinə qapıla və səhv edə bilər. Önəmli olan isə səhvini anlamaq, səhvindən dönmək və buna görə səmimi peşman olmaqdır.