Tıxacları yaradan pulsuz parkinq yerləridirmi? - VİDEO

22:40 01-12-2020 40

İllərdir ki, parkinq yerlərinin müəyyən edilməməsi, kimin harda necə gəldi maşın saxlaması paytaxtın əksər küçələrində günün saatından, həftənin günündən asılı olmayaraq sıxlıq, tıxaca səbəb olur. Bu isə birbaşa hərəkətin axınına təsir edir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” verilişi maraqlı süjet hazırlayıb.

Ekspert Elməddin Muradlı məsələ ilə bağlı bildirib: 

“Analiz etsək, ən çox dayanma-durmanı qadağan edən nişan gözümüzə dəyəcək. Parkinq yerlərindən düzgün istifadə etməmək problem yaradır”.

Bəs çıxış yolu nədir? Mütəxəssislər deyir ki, tez bir zamanda parklanma ilə bağlı qaydalar təsdiq edilməlidir. Paytaxt üzrə icazəli, rəsmi parkinq yerləri yaradılmalı, tariflər vətəndaşların cibinə uyğun müəyyən edilməlidir. Maraqlıdır ki, bu təkliflər sürücülərin ürəyincədir.

Bakı Nəqliyyat Agentliyi (BNA) mövcud vəziyyətin daha çox ictimai nəqliyyatın hərəkətinə təsir etdiyini deyir. BNA rəsmisi Mais Ağayev bildirir: 

“İki əsas problem var. Birincisi, qanunsuz parklanma hallarıdır. Buna qarşı BNA tərəfindən davamlı olaraq tədbirlər görülür. Xüsusilə avtobus dayanacaqlarında park olunma ilə bağlı daha intensiv formada mübarizə aparılır. Parklanma yeri ayrı-ayrı şəxslər tərəfindən qanunsuz şəkildə idarə edilir”.

Tam mübarizə və düzgün xidmətin təşkili üçün isə əsasnamə və qaydalar olmalıdır ki, kimsə irad bildirməsin. Həm sürücülər razı qalsın, həm də şəhər bu mənzərədən xilas ola bilsin.