İlham Şaban: “Azərbaycan qazının böyük bazarlara nəqlinə nail olduq”

15:20 31-12-2020 417

Bu gün TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqariyaya çatdırılıb.

Bununla da Azərbaycan daha bir mühüm, tarixi qələbəyə, uğura imza atmış oldu. Artıq Azərbaycan dünya bazarında böyük qaz ixracatçısına çevrildi.

Ölkəmizin iqtisadi-maliyyə  gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənab Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir.

Bu layihənin uğurla gerçəkləşdirilməsi gələcəkdə Azərbaycan üçün nələr vəd edir?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban HerGun.Az-a açıqlamasında bildirib ki, bu layihənin ölkəmiz üçün əhəmiyyəti böyükdür:

“2007-ci ildən Azərbaycan qaz ixracatçısına çevrilib. Ölkəmiz regional qaz ixracatçısı rolunda çıxış edirdi. Bundan sonra məqsəd Azərbaycan qazını böyük bazarlara uzun müddətli nəqlinə nail olsun. Çünki, 1999-cu ilin iyun ayında açılan Şahdəniz qazı və onun ehtiyatları məhz Azərbaycan qazının böyük bazarlara ixracına hesablanmışdı.

Azərbaycan nəhayət ki, uzun məşəqqətli keçən danışıqlardan sonra 2020-ci ilin son günündə məqsədinə nail oldu. Bu layihənin gerçəkləşdirilməsinə təsir edən iki amil var.

Birincisi, əgər bizim Avropaya çıxan infrastrukturumuz olmasaydı o zaman “Şahdəniz” yatağının ikinci fazası işləməyəcəkdi. Təkcə Şahdənizin ikinci fazası yox, həm də Xəzərdə yeni açılan qaz yataqları da işləməyəcəkdi. Biz onları böyük bazara çıxara bilməsəydik, o yataqlara investisiya qoyan şirkətlər olmayacaqdı.

İkinci əsas məsələ isə 2010-cu ildən sonra Azərbaycanın neft hasilatının enişi dövrü oldu. Yəni, zirvə nöqtəsini biz 2010-cu ildə keçmişik. Bundan sonra neft hasilatı azala-azala gedir və dəqiq tarix bilinməsə də zaman gələcək ki, bu tükənəcək. Ancaq bilinən odur ki, neft gəlirlərimiz həcmə uyğun olaraq azalır.

Böyük qaz bazarlarına Azərbaycanın çıxışı sadəcə yeni gəlir mənbəyi deyil, enerji gəlirlərimizin diverfikasiyası və növbəti onilliklər üçün Azərbaycan iqtisadiyyatına həm invesitisiyaların cəlb edilməsi baxımından, həm də ölkəmizin böyük miqdarda mənfəət əldə edəcəyi mənbə rolu oynayacaq.

Bundan böyük uğurlu amillər ola bilməzdi ki, biz bunu öz tərəfdaşlarımızla həyata keçirdik”.