Dövlət Neft Fondunun xərcləri gəlirlərini üstələyəcək

16:20 05-01-2021 479

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ildə büdcə gəlirləri beş mənbədən daxilolmalar hesabına formalaşacaq.

Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

2021-ci ildə Fondun cəmi gəlirlərinin həcmi 8 milyard 1,2 milyon manat həcmində olacaq. Bildirilib ki, bu gəlirlərin böyük həcmi Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə ediləcək və 6 milyard 439,3 milyon manat təşkil edəcək. Akrhesabı ödənişlər 4,1 milyon manat, tranzit gəlirləri 21,9 milyon manat, bonus ödənişləri 776,1 milyon manat həcmində olacaq.

Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından 759,7 milyon manat gəlir əldə edilməsi nəzərdə tutulub.

Fondun cəmi xərclərinin həcmi 12 milyard 250,4 milyon manat təşkil edəcək, bu məbləğin 12,2 milyard manatı dövlət büdcəsinə transfert ediləcək. Eləcə də, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına 20,5 milyon manat ayrılması nəzərdə tutulub, ARDNF-nin idarəedilməsi ilə bağlı xərclərə 29,9 milyon manat sərf ediləcək.

Xam neftin orta illik ixrac qiymətinin Fondun ilkin büdcəsində nəzərdə tutulan qiymət ilə müqayisədə aşağı olması və hasilatın cari ilə nisbətən azalması, xərclərin isə gəlirləri üstələməsinin Fondun növbəti il üçün büdcəsində 4 milyard 249,3 milyon manat həcmində kəsir (defisit) yaratması gözlənilir.