Böyük jestin neft bazarındakı nəticələri - ŞƏRH

14:40 06-01-2021 409

2020-ci il ərzində neft bazarında qiymətləri pandemiya faktoru və “OPEC plus” çərçivəsində həyata keçirilən iclaslar müəyyən etdi. Təbii ki, digər faktorlar da mövcud idi, lakin neft qiymətlərinin əsas təsiredici qüvvəsi pandemiya idisə, onun qiymət stabilizatorunu “OPEC plus” qərarları təşkil edirdi.

2020-ci ilin əvvəlində pandemiyanın səbəb olduğu ani şok nəticəsində neftə olan tələbat kəskin səviyyədə aşağı endi. Digər tərəfdən, Rusiya və Səudiyyə Ərəbistanı arasında mart ayından etibarən “neft qiymətləri müharibəsi” başladı.

Təkcə aprel ayında neft hasilatının azaldılması ilə bağlı Rusiya və Səudiyyə Ərəbistanının razılığa gələ bilməməsi neft qiymətlərində kəskin azalmalara gətirib çıxardı. Rəqabətə davam gətirmək üçün neft istehsalçıları qiymətləri endirməkdən çəkinmədi. Bununla yanaşı, ölkələr və şirkətlər tərəfindən yığım və möhtəkirlik məqsədilə böyük həcmlərdə neft cəlb edildi. 

Baş verənlər OPEC plus qərarlarının neft bazarında stabilliyin qorunmasında əhəmiyyətli rola malik olduğunu bir daha sübut etdi. Dünən isə OPEC plus çərçivəsində növbəti iclas baş tutdu. İclasda 2021-ci ilin fevral və mart aylarında da neft hasilatının sabit saxlanılmasına qərar verildi.

Neft bazarının nəhənglərindən olan Səudiyyə Ərəbistanı isə hasilatı günlük bir milyon barelə qədər endirərək, bazar üçün böyük jest etdi. Bu gün artıq dünya bazarında neftin qiyməti təxminən beş faizə qədər artıb.

Ötən gün ərzində “Brent” markalı neft 2,51 ABŞ dolları və ya 4,9 faiz bahalaşaraq, 53,60 ABŞ dollarını təşkil etdi. WTI (West Texas Intermediate) markalı yüngül neftin bir barelinin qiyməti isə 2,31 dollar və ya 4,9 faiz artaraq, 49,93 dollar səviyyəsinə qalxdı.

Neft bazarındakı son vəziyyəti HerGun.Az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünən baş tutan “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərarın hazırkı qiymətlərə müsbət təsir etdiyini təsdiqləyib, lakin o əlavə edib ki, bu tendensiyanın bazarda nə qədər davam edəcəyi hələlik məlum deyil:

“Dünən baş tutan hərraclarda neft qiymətləri 53,84 dollara qədər bahalaşdı. Bir gün ərzində bu, kifayət qədər yüksək göstəricidir. Bazar iştirakçıları OPEC plus çərçivəsində nazirlərin görüşünü və qəbul edilən qərarları böyük ruh yüksəkliyi ilə qəbul etdilər.

Nəticədə, neftin qiymətlərində gün ərzində dörd faizdən çox bahalaşma qeydə alındı. Qərar isə, məlum olduğu kimi, ondan ibarətdir ki, 2021-ci ilin fevral-mart aylarında neft hasilatı artmayacaq və yanvar səviyyəsində qalacaq.

O cümlədən, Azərbaycan gündəlik neft hasilatını 595 min barel səviyyəsində nəzərdə tutub və bura kondensat daxil deyil”.

İ.Şaban xüsusilə qeyd edib ki, Səudiyyə Ərəbistanının hasilatı bir milyon barelə qədər azaltması centlmen addım hesab edilə bilər:

“Nəticə etibarilə bu, bazarda çox pozitiv ab-hava yaratdı. İndi isə mövcud tendensiyanın nə qədər davam edəcəyini gözləmək qalır. Bazarın özündə müsbət enerjinin neft qiymətlərini hansı səviyyəyə qədər yüksəltməyə kifayət edəcəyi sual altındadır”.

Sonda qeyd edək ki, ötən il olduğu kimi, bu il də pandemiyanın neft bazarındakı proseslərə birbaşa təsirinin olması gözlənilir. OPEC plus qərarları ilə yanaşı, 2020-ci ilin ortalarında virusla mübarizə üsullarının formalaşması da neft qiymətlərində müsbət çalarlarda özünü büruzə verdi.

2020-ci ilin sonunda COVID-19-a qarşı peyvəndlərin hazırlanmağa başlanması da bazar üçün stimul oldu. Noyabr ayından etibarən neft qiymətlərində peyvənd ümidi ilə artım qeydə alındı. Bunlara baxmayaraq, dekabr ayının dördüncü həftəsində virusun mutasiyaya uğraması ilə bağlı xəbər qiymətlərin üç faizə qədər aşağı enməsinə gətirib çıxardı.

Görünən odur ki, bütün bu proseslər bazarda kəskin əks-səda yaradır. Bu cəhətdən 2021-ci ildə də neft qiymətlərində pandemiya ilə əlaqədar prosedurların drayver rolunu oynayacağı təxmin edilir.