Koronavirusa qarşı “müqəddəs məhlul”u içən səhiyyə nazirinin test cavabı müsbət çıxdı

17:00 24-01-2021 328

Şri-Lankada hindu “sehrbaz”ın hazırladığı koronavirusa qarşı “müqəddəs məhlul”u içən və digərlərinə də tövsiyə edən ölkənin səhiyyə naziri Pavitra Vanniaraççinin koronavirus testinin cavabı müsbət çıxıb.

“Haber Global”ın məlumatına görə, Şri-Lanka Səhiyyə Nazirliyi Vanniaraççinin xəstəxanaya yerləşdilidiyini bildirib.

Qeyd edək ki, ötən ay paytaxt Kolombo yaxınlığındakı Keqalle kəndində cadu və türkəçarə ilə məşğul olan yerli “sehrbaz”lardan biri COVID-19-a qarşı ömür boyu müdəfiə edəcək bir içki hazırladığını bəyan etmişdi. O bildirmişdi ki, bir gecə yuxusunda hindu tanrısı Kaalini görüb və tanrı ona balla hind qozu qarışığı içki hazırlayaraq insanları xəstəlikdən qorumağı məsləhət bilib.

Cadugərə inanan nazir özü “sehrli məhlulu” içdikdən sonra hər kəsə məsləhət görüb və bunun ardından Keqalle kəndinə böyük insan axını başlanıb.