Əlillərin işlə təmin edilməsi imkanı iki dəfə artırılacaq

12:40 05-03-2021 454

“Özünəməşğulluq aktivlərinin müddətini daim qısaldırıq. Yaxın üç ay ərzində aktivlərin verilməsinə başlayacayıq”.

HerGun.Az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib.

O deyib ki, post müharibə dövründə noyabrdan başlayaraq 2200-dən artıq şəhid ailə üzvlərinə və müharibə qazilərinə müxtəlif növ özünəməşğulluq və digər məşğulluq tədbirləri həyata keçirilib:

“Son aylar ərzində ölkə üzrə bütün işə götürənlərin monitorinqi həyata keçirilib və müəyyən olunub ki, 6 minə yaxın kvota üzrə iş yerlərinin yaradılması imkanı var. Bu o deməkdir ki, biz əlillərin və digər həssas kateqoriyadan olan şəxslərimizin işlə təmin edilməsi imkanlarını iki dəfə artıra bilirik. Bu kifayət qədər yaxşı haldır və yaxın müddətdə prosesə başlayacağıq”.

“Biz peşə hazırlığı istiqamətində yeni yanaşma həyata keçiririk. Ənənəvi təhsili artırmadan əlavə istiqamətlərə uyğun olaraq ən uğurlu təhsilartırma imkanları olan kurslarla, şirkətlərlə əməkdaşlıq edəcəyik və inanıram ki, peşə hazırlığı istiqamətində inqilabi dəyişiklik olacaq”, - deyə o əlavə edib.

İlhamə Əbülfət