Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb - FOTO/VİDEO

14:20 05-03-2021 485

Sabunçu Rayon İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Nofəl Hüseynov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun üzərinə baxış zamanı bir büküm narkotik vasitə olan heroin aşkar edilib. Bölmə əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evə baxış zamanı əlavə olaraq gizlətdiyi bir kiloqram 500 qram heroin aşkar edilərək götürülüb. 

Tədbir zamanı müəyyən olunub ki, Nofəl Hüseynov narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən əldə edib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. N.Hüseynov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.