Millimizin futzalçısı Falkao ilə oyunundan danışdı

11:40 09-03-2021 366

“Yaxşı məşqlər keçdik. Həm Bakıda, həm də Kişinyovda bunun üçün imkanımız oldu. Əsasən taktiki planda hazırlıq keçdik. Baş məşqçi oyunda necə oynamalı olduğumuzu göstərdi. Əlbəttə, əvvəlki oyunlarda səhvlərimiz oldu. Alesio həmin səhvləri təkrarlamamaq üçün tapşırıqlar verdi. Ümumi qənaətim belədir ki, oyuna hazırıq”.

HerGun.Az xəbər verir ki, bunu futzal millimizin üzvü Vasoura deyib.

Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Kişinyovun Çoresku qəsəbəsindəki “Futzal Arena”da Moldova yığması ilə qarşılaşacaq komandamız hazırlığını dünən keçirdiyi məşqlə yekunlaşdırıb.

Braziliyalı oyunçu Azərbaycan Futzal Federasiyasının saytına verdiyi müsahibəsində hazırlıq prosesi, Moldova ilə ilk oyun və görüşün azarkeşsiz keçirilməsi ilə bağlı danışıb: 

“Məncə, ciddi problemimiz yoxdur. Bütün komanda olaraq oyuna köklənmişik. Zədəli futzalçımız yoxdur. Rafael Vilela cəzalı olduğuna görə bizə qoşulmayıb. Yəqin ki, onun yoxluğunu hiss etdirməyəcəyik.

Alesio Bakıdakı birinci “dördlüy”ün oyunu ilə bağlı narazılığını bildirdi. Taktiki planda düzgün oynamadıq. Xüsusilə də müdafiədə səhvlərə yol verdik. Alesio həmin səhvləri bizə göstərdi. Əlbəttə, bunu təkrarlamamalıyıq. Bu qarşılaşma turnir cədvəli baxımından çox vacibdir.

Qələbə qazansaq, böyük ölçüdə bizi həlledici məqama yaxınlaşdıracaq. Ancaq indi bunu düşünmək vaxtı deyil. Bizə keçirəcəyimiz hər oyunda maksimum xal toplamaq lazımdır. Bunu bacarsaq, məsələ özlüyündə həllini tapacaq. İndi Moldova ilə oyunda da bu tapşırığı yerinə yetirməliyik. Amma azarkeşlərsiz oynamaq da çətin olur.

Düzdür, səfər oyunlarında bu bizə sərf edir. Ancaq Bakıdakı matçlarda onlar bizi psixoloji baxımdan oyuna kökləyir, rəqibi təzyiq altında saxlamağa məcbur edir. Yəni bizi daim irəli getmək üçün səsləyirdilər. Rəqib meydanında bu cür sükut yaxşıdır (gülür)”.

O, UEFA-nın futzalla bağlı yeni formatı və millimizin cari seçmə mərhələdəki matçları barədə fikirlərini bildirib:

“​Uğurlu variantdır. Həm çox oyun keçiririk, həm də azarkeşlər öz milli komandalarını izləmək şansı qazanırlar. Yəni seçmə mərhələ bir həftə deyil, ən azı üç ay davam edir. Həyəcan artır. Səfərdə uduzduğun rəqibdən revanş almaq şansın olur.

Güclü rəqiblə start verdik qrup mərhələsinə. Nəzərə alsaq ki, əksər oyunçularımız uzun müddət zalda məşq belə keçmirdi, çətinliyi özünüz təsəvvür edəcəksiniz. Problemlərə rəğmən, qələbə ilə başladıq. Oyun ağır keçdi, slovaklar xüsusilə də birinci hissədə müqavimət göstərdilər. Sonrakı iki oyunu daha rahat keçirdik. Çünki yaxşı məşqlər etmişdik, üstəlik, oyun təcrübəmiz də var idi. Həm də əsas məqam nəticədir. Biz də qarşıya qoyulan məqsədə doğru itkisiz irəliləyirik. Ümumi götürsək, narazı qalmaq olmaz.

Hər oyundan qabaq ailəmlə mütləq danışıram. Onlara görüşü izləmək üçün link atıram. Qol vurduqda isə kamera qarşısına qaçır, mesajımı göndərirəm”.

Vasoura bu yaxınlarda Braziliya millisinin keçmiş kapitanı Falkaoya qarşı oyunundan da danışıb:

“Turnir deyildi. İştirakçılar öz qabiliyyətlərini göstərirdilər. Ora xüsusi istedadı ilə seçilən oyunçular dəvət olunurdu. Mən də iştirak etdim. Təbii ki, Falkao kimi istedadla, əfsanə ilə bir sırada yer almaq müsbət məqamdır”.

Qeyd edək ki, Moldova - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Oyun “CBC Sport” telekanalı tərəfindən canlı yayımlanacaq.