Tibbi işçilərinin NƏZƏRİNƏ: Güzəştli ipoteka krediti ilə bağlı TƏKLİF

12:00 19-04-2021 451

“Azərbaycan Prezidentinin göstərişinə əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq əlavələr edilir”.

HerGun.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.

“Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169,4 milyon manat müddətli əlavə və mükafat ödənilib. Belə ki, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145,8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bu zaman ərzində 385 min manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə isə 138 min 500 manat məbləğində mükafat ödənilib”, - deyə millət vəkili məlumat verib.

O əlavə edib ki, bütün bunlarla yanaşı, pandemiyanın davam etdiyini və səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və bütövlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı:

“Mövcud qaydalara əsasən, ən azı üç il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklif olması məqsədəuyğundur.

Digər tərəfdən, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əməkhaqqılarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, aşağı faizli və uzun müddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq”.

Vüqar Bayramov təklif edib ki, ən azı üç il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin.