“AzerGold” Rusiyanın nüfuzlu mükafatına layiq görülüb - FOTO

19:20 25-06-2021 467

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə “Cbonds Awards 2021” mükafatına layiq görülüb.

Qurumdan HerGun.Az-a verilən məlumata əsasən, mükafat Səhmdar Cəmiyyətə ötən il Bakı Fond Birjasında yerləşdirdiyi “AzerGold” istiqrazlarına görə təqdim edilib.

Bu il 13 nominasiya üzrə təqdim olunan mükafatın qalibləri Sankt-Peterburq şəhərində keçirilən 17-ci MDB və Baltikyanı ölkələrin İstiqraz konqresində elan edilib.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev “AzerGold” istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verilməsi, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaradılması,  həmçinin “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi məqsədi daşıdığını qeyd edib.

Xatırladaq ki, nominal dəyəri 100 ABŞ dolları, ümumi emissiya həcmi 20 000 000 ABŞ dolları olan “AzerGold” istiqrazları illik 4 faiz kupon dərəcəsi ilə tədavülə buraxılıb. İstiqrazların Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərraclarında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabla 2 dəfədən çox üstələyib, orta gəlirliliyi  isə 3,36 faiz təşkil edib.