Ən gənc Paralimpiya çempionumuz: “Mənim sevimli növümdə Roman yaxşı üzə bilmir”

16:20 06-09-2021 739

“Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım. Bu medalımı qazilərə və şəhidlərimizə həsr edirəm. Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə də təşəkkürümü bildirirəm ki, bizim üçün hər cür şərait yaradıb. Gözəl üzgüçülük hovuzuna sahibik. İnşallah, növbəti dəfə Paralimpiya yox, dünya rekordunu qıraram”.

Bunu HerGun.Az-a Tokio Yay Olimpiya Oyunlarının 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında çempion olmuş Vəli İsrafilov bildirib.

Bu ilin mayında Portuqaliyada Avropa çempionu da olmuş V.İsrafilov 18 yaşında Paralimpiya Oyunlarının qızıl medalını qazanan ən gənc azərbaycanlı adına sahib çıxıb. Üstəlik, o, bunu Paralimpiya rekordu qırmaqla edib.

Rusiyanın Tümen şəhərində doğulmuş Vəli İsrafilov 100 metr məsafəyə baterflay üsulu ilə üzmədə finala çıxa bilməməsinin səbəbini belə izah edib:

“Mənim əsas növüm 100 metr brass üsulu ilə üzmədir. Üzgüçülükdən anlayan bilir ki, brassla digər üç növ çox fərqlidir. Mən brassda üzə bilirəmsə, Roman Saley onda yaxşı çıxış edə bilmir. Ona görə də Roman brassda medal qazana bilmədi. Mən digər növdə cəhd etdim, alınmadı. Amma öz sevimli növümdə Paralimpiya rekordu qırıb, çempion oldum”.

Səbuhi Musayev