İranın İRNA dövlət informasiya agentliyi İİR Konstitusiyasından boyun qaçırdır?

13:40 06-10-2021 457

İranın İRNA dövlət informasiya agentliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla diqqət çəkən müsahibə dərc edib. Bu söhbətdə erməni nazirin cavablarından çox İRNA-nın sualları maraq doğurub.

İranlı jurnalistin bir sualı isə xüsusi diqqət çəkib. “Tehranın Cənubi Qafqaz yanaşması bölgənin etnik və dini məsələlərinə deyil, geosiyasi və coğrafi əhəmiyyətinə əsaslanır. Ermənistan İranın bu yanaşmasını necə qiymətləndirir?”, - sualı ilə jurnalist ölkəsinin təriflənməsinə can atır.

Bu məsələyə bir az daha ətraflı toxunmaq istərdim. Qeyd edək ki, İran Konstitusiyasının 152-ci maddəsinə əsasən, bütün müsəlmanların hüquqlarının qorunması Tehranın xarici siyasətinin əsas prinsiplərindən biridir. Üstəlik, İran Konstitusiyasının 154-cü maddəsi birmənalı şəkildə İranın bütün dünyada müsəlmanlara dəstək verməsini nəzərdə tutur.

Maraqlıdır ki, İranın dövlət informasiya agentliyi erməni nazirə bu sualı ilə əslində müasir İran dövlətçiliyinin fundamental doqmalarını inkar edir. Azərbaycan və Qarabağ münaqişəsi vəziyyətində, Tehranın dini həmrəyliyinin münaqişənin 30 ili ərzində heç bir şəkildə özünü göstərməməsi Bakıda dəfələrlə qeyd edilib. Bununla belə, Tehran ilk dəfə dövlət qurumu səviyyəsində və hətta Ermənistanın xarici işlər naziri ilə söhbətində İranın İslam həmrəyliyinin Cənubi Qafqaza - yəni regionda yeganə müsəlman ölkəsi olan Azərbaycana şamil edilmədiyini açıq şəkildə etiraf etdi.

Qeyd edək ki, bu açıqlamalar İranın Araz çayı sahilində keçirdiyi hərbi təlimlər və Azərbaycana qarşı “sionizmi dəstəkləmək” ittihamlarının müşaiyyəti ilə Bakı və Tehran arasındakı münasibətlərin görünməmiş dərəcədə kəskinləşməsi fonunda baş verir.

Mənbə: “Vestnik Kavkaza”