40 il sonra İrəvana qayıdan qatil: Andronik və Melkonyandan dərs çıxarmayan ermənilər

16:20 01-11-2021 331

Dünya tarixi çox sayda terror təşkilatlarının, terrorçuların əməlləri ilə qana bulanıb. Əgər bu məkrli planlar, qanlı cinayətlər - ümumən dünyada terrorla bağlı kitab yazılsa, yəqin ki, onun üz qabığı erməni dilində olardı. Çünki tarixin ən qanlı səhifələrində öz imzası ilə “seçilən” isə məhz ermənilərdir.

Bəşəriyyətin ümumi bəlası olan terrorun arxasında hər zaman radikal fikirlər, xaos və hansısa ambisiyalar dayanır. Erməni terroru isə bu baxımdan analoqu olmayan bir nümunədir. Çünki bəşər tarixində, bəlkə də, yeganə haldır ki, terror bir xalq tərəfindən “mübarizə” kimi qələmə verilir, aşkar və ya gizlində olsa da, erməni xalqının böyükdən kiçiyə hər bir üzvü tərəfindən dəstəklənir.

Bir xalqın hər bir üzvünü terrora dəstəkdə ittiham etmək mahiyyətcə doğru görünməyə bilər. Ancaq bu fikri formalaşdıran da elə erməni xalqının özüdür. Bu “damğa”nı onlara hansısa qüvvələr, hansısa rəqib və ya düşmən vurmayıb. Erməni xalqı nə qədər təəssüf doğursa da, uzun illər ərzində bu “damğa”nı daşımaqdan şərəf duyduğunu hər kəsə bəyan edib.

Andronik, Dro, Qaregin Njde erməni terrorunun “qədim fenomen”ləridir. Bu terrorçular üzərindən illər keçməsinə baxmayaraq, bu gün də ermənilər arasında “qəhrəman” kimi qarşılanır. Əliqanlı qatillər, faşizm sevdalıları Ermənistanda dövlət səviyyəsində iftixar mənbəyinə çevrilir.

Əliyalın əhalini qətlə yetirən, qadın, yaşlı, uşaq demədən amansızcasına insanları öldürən bu terrorçularda “şərəf”dən əsər-əlamət olmasa da, Ermənistanın bugünkü mənzərəsi onları “erməni tarixinin ən şərəfli” üzvləri kimi qələmə verir.

Ancaq sadəcə bu “şərəfli”lərlə iş bitmir. Ermənilərin şüuruna yeridilmiş radikal düşüncələrin əsirinə çevrilməsi, ruhuna hökm edən faşist ideyalarını mənimsəməsi və “ilahiləşdirməsi”ni ortaya qoyan daha bir fakt bu günlərdə ortaya çıxdı:

Hampinq Sasunyan azadlığa buraxıldı və terror dövləti olan Ermənistana gəldi. Dünya tarixində ədalətsizliyə məruz qalan, uzun illər həbsdə olan və sonradan azadlığa çıxışı ilə qəhrəmanlaşan onlarla, bəlkə yüzlərlə insan haqqında nümunələr var. Ancaq terrorçunun qəhrəman kimi qarşılanması və bütün xalqın bunu bayram etməsi sadəcə bədnam qonşularımızda görülüb.

1982-ci ilin yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçunun İrəvana gəlişi ölkədə böyük rezonans doğurub. Sadəcə sosial şəbəkələrin erməni seqmentinə nəzər salmaq kifayətdir ki, xalq arasında terrorçuya olan sevginin miqyasını dərk edəsən.

“Erməni xalqının qəhrəman oğlu”, “erməni döyüşçü” kimi adlarla tərif olunan şəxsin kimliyi, törətdiyi cinayət erməniləri qətiyyən maraqlandırmır. Çünki onun daşıdığı və qoruduğu “ideallar” bütün xalq tərəfindən dəstəklənir. H.Sasunyan illər əvvəl cinayəti mərhum diplomat Kamal Arıkanın damarlarında türk qanı axdığı üçün törətmişdi. Elə H.Sasunyanın erməni xalqının gözündə “bəraət alıb” qəhrəmanlaşdırılması üçün də bu arqument ermənilər tərəfindən kifayət qədər tutarlı hesab olunub. Dünyanın hər yerində Hampinq Sasunyan terrorçu olsa da, sadəcə 29,7 min kvadrat kilometr ərazidə - Ermənistan Respublikasında bu ad onun üçün bir ləkəyə deyil, qürur mənbəyinə çevrilir.

Bu terrorçu ESƏD – “Erməni soyqırımına ədalət döyüşçüləri” adlı terror təşkilatının üzvüdür. Bu terror təşkilatı 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi “erməni soyqırımının” tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaq olub. Bu gün müharibədən sonra erməni ictimaiyyətində revanşist fikirlərin əsas təbliğatçısına çevrilən “Daşnaksütyun” partiyası ilə sıx əlaqələri var.

ESƏD-in terror fəaliyyətinin qısa icmalı

1975-ci ildən 1983-cü ilə qədər bu terror təşkilatından olan terrorçular, Avropa və Şimali Amerika ölkələrində onlarla terror aktı təşkil edib, bu terror aktları türk diplomatlarına və onların ailə üzvlərinə qarşı olub:

1975-ci il oktyabr, Avstriya, Vyana - Türkiyənin Avstriyadakı səfiri öz iş otağında qətlə yetirilib.

1975-ci il 24 oktyabr, Fransa, Paris - Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilib.

1977-ci il 9 iyun, İtaliya, Roma - Türkiyənin Vatikandakı səfiri Təha Kərimə sui-qəsd təşkil olunub, səfir bir müddət sonra vəfat edib.

1979-cu il 12 oktyabr, Niderland Krallığı, Haaqa - Türkiyənin bu ölkədəki səfirinin 27 yaşlı oğlu Əhməd Benler qətlə yetirilib.

1979-cu il dekabr, Fransa, Paris - Türkiyə turizm bürosunun rəhbərinə qarşı sui-qəsd təşkil olunub.

1980-ci il fevral, İsveçrə - Türkiyənin bu ölkədəki səfirinə qarşı sui-qəsd təşkil olunub.

1982-ci il yanvar, ABŞ, Los-Anceles - Türkiyənin baş konsuluna qarşı ofisə gedərkən sui-qəsd təşkil olunub, konsul qətlə yetirilib.

1982-ci il 4 may, ABŞ, Massaçusets ştatı, Somervil - Türkiyənin Bostondakı fəxri konsulu öz avtomobilində qətlə yetirilib, 60 yaşlı Orxan Gündüzə terrorçular 9 dəfə atəş açıblar. Bu terror aktından bir qədər əvvəl terrorçular konsuldan vəzifəsindən istefa verməyi tələb etsələr də,  o bundan imtina edib.

1982-ci il 7 iyun, Portuqaliya - Türkiyə səfirliyinin attaşesi Erkut Akbay qətlə yetirilib, onunla birgə həyat yoldaşı da ağır yaralanıb və 8 ay komada qalandan sonra xəstəxanada özünə gəlmədən vəfat edib.

1982-ci il avqust, Kanada, Ottava - Türkiyə səfirliyinin hərbi attaşesi qətlə yetirilib.

1983-cü il 9 mart, Yuqoslaviya, Belqrad - İki erməni terrorçusu Türkiyənin Yuqoslaviyadakı səfiri Qalib Balkara onun maşını işıqforda dayanarkən hücum ediblər, hadisə yerindən qaçarkən terrorçulardan biri Andranik Boqosyan yuqoslaviyalı polkovniki yaralayıb, o ozü də yaralanaraq Yuqoslaviya xüsusi xidmət orqanları tərəfindən yaxalanıb. Digər terrorçu Raffi Elbekyan onu saxlamaq istəyən vətəndaşlara atəş açıb, nəticədə bir tələbə qətlə yetirilib, bir gənc qız isə yaralanıb. Səfir Qalib Balkar sui-qəsddən üç gün sonra vəfat edib.

Saysız-hesabsız cinayətlərin, terror aktlarının arxasında dayanan səbəb hətta əməllərin özündən belə vahiməli, zərərli və qorxuncdur. Xəstə təxəyyül, şüuru ələ keçirilmiş bir toplum və qarşındakına sonsuz nifrət. Məhz yüz ildən artıq müddətdir, ermənilərin arxasına sığındığı xislət məhz bunlardır.

H.Sasunyan törətdiyi cinayətə görə 40 ilə yaxın həbsdə olub. Ancaq Sasunyan və onun kimi zehni terrorla zəhərlənmiş ermənilərin islah olması üçün bu müddət kifayət deyil, hətta bunun üçün vaxt amilinin bir rolu olmadığını da söyləmək olar. Burada məsələ bir cinayətin cəzasız qalması da deyil, məsələ bir xalqın cinayətlə fəxr edə bilməsi, cinayətkarı özünün şərəf simvolu, ən ləyaqətli nümayəndəsi hesab edə bilməsindədir.

Üzərindən 40 ilə yaxın keçsə də, erməni terrorçunun əllərindəki qan qurumayıb. Artıq onun azadlıqda keçirdiyi hər gün həmin qan ifrat erməni ideyalarını daşıyanları bəsləyəcək. Erməni terrorçular məhz onun əllərindəki qanı içib özlərinə təsəlli tapa biləcək.

Ancaq “qəhrəman” kimi qələmə verilsələr də, tarix bu cür saxta “cəngavərləri” heç vaxt qəbul etmir. Bir vaxtlar məzlumlara aman verməyən Andronikin kəsilən qulağı, Qarabağda hər cür vəhşilik törədən Monte Melkonyanın aqibəti erməni terrorçulara tarixin verdiyi ən böyük dərslərdəndir! Həmin tarix sübuta yetirib ki, Andronikləri, Melkonyanları, elə Sasunyanları da heç zaman bağışlamır…

Orxan Tağıyev