Cəlilabadda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi - FOTO

16:40 01-11-2021 426

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Hüseyn Qasımzadənin anım mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbirdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

H.Qasımzadənin şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü münasibətilə keçirilən anım mərasimində onun vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Bildirilib ki, H.Qasımzadə hələ məktəb yaşlarından Vətəninə, millətinə və xalqına bağlı bir insan olub.

Qasımzadə Hüseyn Həsənxan oğlu 2001-ci ilin iyulun 8-də Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub. O, 2019-cu ilin iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Xidmət etdiyi vaxtda qüsursuz xidmətinə görə kiçik çavuş rütbəsinə layiq görülüb.

Şəhidin döyüş yoldaşlarının sözlərinə görə, Hüseyn Qasımzadə Vətən müharibəsində əsl şücaət və qəhrəmanlıq nümayiş etdirib.

H.Qasımzadə Vətən müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlib. Onun nəşi noyabrın 1-də torpağa tapşırılıb.

O, Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.