Makron Avstraliya baş nazirini yalançılıqda günahlandırdı - VİDEO

03:40 02-11-2021 400

Fransa prezidenti Emmanuel Makron Avstraliyanın baş naziri Skott Morrisonun sualtı qayıqların inşası ilə bağlı müqaviləni pozması ilə əlaqədar ona yalan danışdığını bildirib.

Cümə axşamı Makron və Morrison iki ölkə arasında münasibətlərdə böhran başlayandan bəri ilk telefon danışığını keçiriblər. Fransa lideri daha sonra vurğulayıb ki, Kanberra münasibətləri yenidən müəyyənləşdirmək üçün konkret tədbirlər təklif etməlidir. Onun sözlərinə görə, Fransa ilə sualtı qayıqla bağlı müqaviləni pozmaq qərarı ölkələr arasında etimadı sarsıdıb.

G20 sammitinin kənarında avstraliyalı jurnalist Biven Şildsin Avstraliya baş nazirinin yalan danışıb-danışmaması ilə bağlı suala Makron “Düşünmürəm, mən bunu bilirəm” deyib.

Eyni zamanda Makron qeyd edib ki, o, Avstraliyaya və ölkə xalqına “çox hörmət edir” .

“Görək, o (Morrison - red.) nə edəcək... Sadəcə demək istəyirəm: kiməsə hörmət edəndə səmimi olmalı və bu dəyərə uyğun davranmalısan”, - deyə Makron Avstraliyanın baş nazirinə bundan sonra etibar edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

Eyni zamanda Avstraliyanın baş nazirinin özü yalan danışmadığını bildirib və hələ iyun ayında Makrona Fransanın “Naval Group” şirkətinin sualtı qayıqlarının ölkənin ehtiyaclarını ödəməyəcəyini deyib: “Mən açıq şəkildə bildirdim ki, adi sualtı qayıqlar bizim strateji maraqlarımızı təmin edə bilməyəcək və biz milli maraqlarımıza əsaslanaraq qərar qəbul etməli olacağıq”.

Mənbə: RİA Novosti