Heydər Əliyevin xatirəsi İstanbulda ehtiramla anılıb - FOTO

15:00 12-12-2021 509

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Ulu Öndərin İstanbuldakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.

“Report”  xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimizin, Prezident Administrasiyasının, Sarıyer bələdiyyəsinin, konsulluğun və Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver, ulu öndər Heydər Əliyev irsi və onun başlatdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfəri haqqında danışıb, Ümummilli Liderin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər.

Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.