Ayı, canavarla rastlaşan, ayağına ilan dolanan qadın təbiət keşikçisi - REPORTAJ + FOTO

16:00 13-12-2021 447

“Aslanın erkəyi-dişisi olmaz” deyib atalarımız. Azərbaycan qadını üçün bu deyim doğurdan da elədir. 

Bizim qadınların tarix boyu çox cəsur, mərd addımlar atdıqları, qadın işləri ilə bərabər kişi işlərinin də öhdəsindən məharətlə gəldikləri danılmaz faktdır. 

Elə bu gün də həmin cəsur, işgüzar qadınlar var. Onların bir çoxu “kişi işi” sayılan sahədə çalışırlar. 

HerGun.Az-ın əməkdaşı həmin qadınlardan biri, zərif qəhrəman Bənövşə Həkimova ilə söhbətləşib. 

Zərif qəhrəman dediyimə baxmayın, o, ən çətin peşələrdən olan meşə gözətçisi vəzifəsində çalışır.

O bildirib ki, artıq üç ildir meşə gözətçisi kimi fəaliyyət göstərir:

“Özüm Oğuz rayonunun Filfili kəndində anadan olmuşam. İşim ilə əlaqədar rayonun Muxas kəndində yaşayıram. Mənim yoldaşım rəhmətə gedəndən sonra evimin həm kişisi, həm də qadını oldum. Ondan sonra anladım ki, qadın zəif yox, zərif məxluqdur.

Allah kişiyə də, qadına da iki əl, iki ayaq verib. Niyə biz aciz, kimdənsə asılı olmalıyıq?! Bir neçə dəfə iş üçün müraciət etdim. İlk əvvəl qadın üçün çətin sahə olduğunu dedilər və buna görə işə götürmək istəmədilər.

Daha sonra işə qəbul olundum. 2019-cu ildən Qəbələ Regional Təsərrüfat Mərkəzinin Daşağıl səkkizinci dolayında meşə gözətçisi kimi işləyirəm. Mən bu sahəyə gələn zaman ağır peşə olduğunu bilirdim, amma təbiətə, dağlara olan sevgim nəticəsində burada çalışıram”.

Həmsöhbətimin nəzarət etdiyi ərazi 680 hektardan böyükdür:

“Meşədə müxtəlif yırtıcı, vəhşi heyvanla qarşılaşmışam. Daha çox ayı, canavar, qaban görmüşəm. Ayı elə bir heyvandır ki, ona toxunmasan, hücum etməsən, sizə hücum etməz. Mən meşədə ayı ilə rastlaşan zaman içimdə qorxu hissi olsa da, yerimdə gözləmişəm, o da çıxıb gedib”.

B.Həkimova qeyd edib ki, meşədə ayağına ilan dolanan zaman çox qorxub:

“Düzü, çox qorxdum. Çünki tək idim, əgər orada ilan məni sancsaydı köməyə kimsə gəlməyəcəkdi. Amma ilan mənə toxunmadan getdi”.

Onun sözlərinə görə, təbiəti o qədər sevir ki, günün çox saatını orada keçirir:

“İş qrafikim səhər saat 08:00-dan axsam 18:00-a kimidir, amma mən sutkanın 24 saatının iki-üç saatını evimdə keçirirəm. Mən o qədər təbiətə bağlıyam ki, o olmasa, bəlkə də, yaşaya bilmərəm.

Çox zaman meşədə piyada gəzirəm. Çünki atla gəzən zaman meşəni qırmağa girənlər səsi eşidib, qaçırlar. Bugünkü gündə meşələrin qırılması çox azalıb”. 

Həmsöhbətim deyir ki, işi nə qədər çətin olsa da, meşələri mühafizə etməkdən zövq aldığını deyir.

B.Həkimovanın üç övladı var. O qeyd edib ki, qadınların aciz olmasını heç vaxt qəbul edə bilmir:

“Əgər qadının ürəyində işləmək, halal zəhmətlə pul qazanmaq varsa, o pul qazanacaq. Pulu əziyyətlə qazanmaqdan zövq alıram. Çünki o zaman qazandığımın qədrini bilirəm. Ömrümün sonuna kimi sevdiyi peşə ilə məşğul olmaq arzusundayam”.

İlhamə Əbülfət

FOTO: Kərim Abbasov