Gürcüstanın dördüncü prezidenti Saakaşvili ilə görüşüb

00:00 28-12-2021 408

Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili Qori şəhərindəki hərbi hospitalda sələfi Mixail Saakaşvilini ziyarət edib.

Marqvelaşvili bildirib ki, o, məhbusla ölkədə və regiondakı geosiyasi vəziyyəti müzakirə edib.

Görüş hazırki prezident Salome Zurabaşvilinin hakim və müxalifət partiyalarıyla birgə irəli sürdüyü ölkədə siyasi gərginliyin azaldılmasına yönəlmiş Milli Barışıq Təşəbbüsü çərçivəsində baş tutub.

Yerli medianın tarixi adlandırdığı danışıqlar təxminən üç saat davam edib.

Görüşdən sonra Marqvelaşvili jurnalistlərə müsahibəsində Saakaşvilini “siyasi məhbus” adlandırıb.

Siyasətçi bildirib ki, onlar ölkədə siyasi gərginliyin azaldılması və Gürcüstana təsir edə biləcək regional problemlərin qarşısının alınması yollarını müzakirə ediblər. “Biz Rusiya, geosiyasət və ölkənin üzləşdiyi problemlər barədə danışdıq”, - deyə eks-prezident bildirib.

O xatırladıb ki, Saakaşvili ilə müxtəlif məsələlərdə fikir ayrılıqları olub və bu, ictimaiyyətə yaxşı məlumdur.

Qeyd edək ki, keçmiş prezident Marqvelaşvili 2015-ci ildə Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edən fərmanı təsdiqləyib. Qərar Saakaşvilinin Ukraynada qubernator vəzifəsinə keçməsindən az sonra qəbul edilib.

Mənbə: “Anadolu”