İran riyakarlığı

20:35 27-01-2023 73

 

            Dövlətimizin beynəlxalq hüquqa əsaslanan, yaxın qonşuluğa, tarixi əlaqələrə istinad edən münasibətinin, təmkinli davranışlarının qarşılığında İrandakı rejimin avantürist davranış sərgiləməsi müşahidə olunur. Cənub qonşumuz heç bir əndazəyə sığmayan tərzdə aqressiya nümayiş etdirir, Azərbaycana qarşı absurd iddialar və ittihamlar səsləndirir.İran Azərbaycanın güclü dövlət kimi mövcud olmasını istəmir və bizə zərbə vurmaq üçün hər fürsətdən istifadə edir. Tehran artıq riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” pərdəsi ilə gizlədə bilmir. Əksinə, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi, xalqımızda daha çox ikrah hissi oyadır. İran əslində dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir. Özünü din adı altında təbliğ edən bu ölkənin əslində dinimizin əleyhinə olan addımları səngimək bilmir. Artıq ədalətsizliyin, haqsızlığın məkanına çevrilən İran dünyanın dörd bir tərəfindən sıxışdırıldıqca, nifrətini, qəzəbi Azərbaycanın üzərinə tökür. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistana dəstək verməyə hazırlaşan qonşu İranın xəyanətkar roluna dəlalət edən faktlar ortaya çıxmağa başlayır. İrandakı bəzi qüvvələrin dövlətimizin müstəqilliyini hələ də qəbul edə bilməməsi, sevincinə şərik olmaması, qələbəsini qısqanclıqla qarşılaması bizə çoxdan bəllidir. 44 günlük Vətən savaşında da Ermənistana gizli dəstək verən İran bu günlərdə ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini də gizlətmir. Hələ Vətən müharibəsi döyüşləri vaxtı Xudafərin körpüsünün yaxınlığındaı yerləşdirdiyi postlarda Azərbaycan Ordusunun qarşısına İran hərbçiləri çıxaraq ordumuzun Zəngilan istiqamətində irəliləməsini bir sutkadan artıq ləngitməsi yenə də itkilərimizin sayının artmasına və əməliyyatın sürətinin azalmasına səbəb olmuşdu.İranın Azərbaycana qarşı durumu təəssüfedicidir. Ən azından ona görə ki, bir müsəlman ölkəsi müsəlman qardaşının yanında deyil, Allahın evində donuz saxlayan, yaşayış yerlərini viran qoyan, mədəni abidələri yox edən erməninin yanındadır, apardığı təbliğat birmənalı olaraq Azərbaycan dövlətinə, Türkiyəyə, Azərbaycan-Türkiyə birliyinə qarşıdır. İranın riyakar bir dövlət kimi terror və terrorçulara dəstəyinin bariz nümunəsindən biri də bu gün Tehranda səfirliyimizə qarşı baş vermiş qanlı terror olayıdır.Amma heç kim və heç bir dövlət unutmamalıdır ki, Azərbaycanın yolu haqq yoludur və bu yoldan bizi heç bir vasitə döndərə bilməz!

 Qalib Kərəmov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının mühasibi